27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukuru dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün nəinki, Ağdamda eləcə də işğaldan azad olunan digər ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.
"BİZ ELƏ BİR ŞƏHƏR QURACAĞIQ, ELƏ BİR AĞDAM QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQDIR"
Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub:"Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır".Bəli, beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı. "Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər"- deyə Prezident Ağdama səfəri zamanı çıxış edərkən bildirmişdir.
Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Artıq Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin dövlət başçısı tərəfindən təməli qoyulub. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində də 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Artıq ötən ilin oktyabrın 10-da hər iki kəndin tikinti işlərinə başlanılıb. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.İşğaldan əvvəl regionun sənaye mərkəzi olan şəhər yenidən öz həyatına qaytarılacaq. Burada Ağdam Sənaye Parkı tikilir. Qarabağ xanlığının banisi və ilk hökmdarı, Cavanşirlər sülaləsinin banisi Pənahəli xanın məqbərəsinin yerləşdiyi İmarət kompleksinin və tarixi məscidin bərpası istiqamətində işlər davam etdirilir."Qarabağ" futbol komandasının oyunlarının keçiriləcəyi stadionun tikilməsi də nəzərdə tutulub. Ağdamda yaradılması nəzərdə tutulan Qarabağ Universiteti ilə şəhər təhsil mərkəzinə çevriləcəkdir. Bütün görülən işlərlə yanaşı, artıq şəhərdə Qələbə Muzeyi və İşğal Muzeyi inşa olunur.Azərbaycan Prezidentinin bildirdiyi kimi "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".
"BİZİM BÜTÜN MADDİ SƏRVƏTİMİZ MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ DAĞIDILDI, TALAN EDİLDİ"
Bütün bunlarla yanaşı, Ağdam Cümə məscidinin bərpa işləri aparılır. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. "Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü", - deyə Prezident bildirib. Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın "Brugger&KO Restauratoren GmbH" şirkəti ilə müqavilə imzalanıb. Məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq. Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.
Bu günlərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələr diqqətə çəkilib. İclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, rayonun ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə olunub.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunur. Bütün Qarabağ zonası "yaşıl enerji" zonasına çevriləcək. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır və tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır.
Zümrüd BAYRAMOVA