PDF Oxu

Siyasət

  • 1 821

Kimliyimiz, vüqarımız Azərbaycan dili TƏHLİL

Kimliyimiz, vüqarımız Azərbaycan dili TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub"

Mənim ana dilim, mənim kimliyimdir, vüqarımdır. Xalqımızın varlığıdır. Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiz, bu günümüz və gələcəyimizdir. Bu günə qədər tarixi reallıqlar deməyə əsas verir ki, çox ziddiyyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Ulu Öndər Heydər Əliyevin müdrik fikirlərini xatırlatmaq yerinə düşər. Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider Heydər Əliyev demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".
Hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olan dili, öz ana dilini insanlar yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyanın bir parçası olan Azərbaycanda fevralın 21-i bütün dünyada olduğu kimi, Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Dil hər bir millətin varlığını ifadə edən, maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Dil ünsiyyət vasitəsidir. Dil milli şüurun və milli kimliyimizin formalaşmasında mühüm amillərdən biridir. Xalqımızın ən zəngin milli-mədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü insanlara öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Yaşadığımız tarixi illərə nəzər salsaq görərik ki, tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətlərində yaşayan, tolerantlığın ünvanına çevrilən, sülhün qorunmasına töhfələr verən Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ağır sınaqlardan çıxmışdır. Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol və başqaları basqın etsələr də xalqımız öz varlığını qoruduğu kimi, doğma dilini də mühafizə edib, onu saxlamışdır. Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses olmuşdur. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində, əlifbamızın dəyişməsi, kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə gətirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qrammatikasının və onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.
1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

"ANA DİLİNİ BİLMƏYƏN GƏNC NİZAMİNİ OXUYA BİLMƏZ. FÜZULİNİ OXUYA BİLMƏZ"

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.
Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edirdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq."

"AZƏRBAYCAN DİLİ O QƏDƏR ZƏNGİNDİR Kİ, HEÇ BİR XARİCİ KƏLMƏYƏ EHTİYACI YOXDUR"

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir.
"Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər