PDF Oxu

Siyasət

  • 1 745

“Paşinyanın həyəcanı üzündə idi” MÜSAHİBƏ

“Paşinyanın həyəcanı üzündə idi” MÜSAHİBƏ

Elşən Musayev: “Panel müzakirələrində və plenar iclasda Prezident İlham Əliyevi izləyərkən rəhbərimlə, dövlətimlə bir daha qürur duydum”

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin "Səs" qəzetinə müsahibəsi

- Elşən müəllim, Münxen Təhlükəsizlik Konfransı keçirildi və burada Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına söykənən çıxışlar etdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş olan plenar iclasda Cənab Prezident İlham Əliyevin iştirakı və dövlət başçımız tərəfindən Azərbaycanın maraqlarının ən yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur. Möhtərəm Prezident öz çıxışında bir çox məsələlərə toxundu, sülhlə bağlı fikirlərini açıqladı, qarşı tərəfin və dünyadakı güclərin bölgədəki sabitliyin bərpası üçün nə etməli olduğunu söylədi və ən nəhayət, bir sıra mövzularla bağlı konkret, tutarlı iradlarını bildirdi. Bir az obrazlı desək, Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin parlaq qələbəsi və Paşinyanın növbəti nakautu idi və məlum Konfrans bir daha sübut etdi ki, Ermənistanın aylardır, illərdir sərgilədiyi imitasiya, spekulyasiya heç bir işə yaramır. Bölgəyə mütləq sülh lazımdır. Fəqət, gerçək bir sülh! Həmin sülhün bərqərar olması üçünsə Ermənistan tərəfi reallıqları gözə almalı, Avropanın üst qurumları və həmin qurumların nümayəndələri faydalı cəhdlər etməli və Azərbaycanın diktə etdiyi şərtlər yerinə yetirilməlidir. Eyni zamanda, Qarabağda məskunlaşan erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağın mümkünlüyü, ilk növbədə, Qarabağa xüsusi missiyalarla göndərilmiş Vardanyanın bölgədəki separat fəaliyyətinə son qoymaqdan keçir. Çünki bu adam xəstə təfəkkürdədir, bu adam cinayətkardır, Avropada çirkli pulların yuyulmasında adı keçən canidir, missionerdir, saxtakardır və kimlərin sifarişi ilə ortada olduğu da məlumdur. Cənab Prezident İlham Əliyev də öz mükəmməl çıxışında cinayətkar Vardanyanı ifşa etdi və eyni zamanda, “Dağlıq Qarabağ” inzibati vahidinin olmadığını hər kəsin diqqətinə çatdırdı. Heç şübhəsiz ki, Konfransda bərqərar olan diplomatik üstünlüyümüz Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq.

- Ermənistanın baş naziri panel müzakirələrdə özünü ifşa edən və dövlətini çox pis vəziyyətdə qoyan fikirlər səsləndirdi. Bu vəziyyət Ermənistanın yanlış siyasət yürütdüyünün göstəricisi sayıla bilər?

- Paşinyan hələ danışmadan öncə həyəcanı üzündə idi. Ona görə də, növbəti spekulyasiyalara əl atmaq, dəxilsiz, mövzuya aid olmayan məsələlərə yön almaq istədi və özünü çox pis vəziyyətə saldı. O, əslində verilən sualları cavablandırmalı idi. Amma cavablandırmadı, çünki danışmağa sözü yox idi.

- Cənubi Qafqaz ölkələrinin başçılarının panel müzakirələrində Prezident İlham Əliyev Ermənistanı və onun havadarlarını ifşa edən çıxışlar etdi. Bunu bir daha Azərbaycan Prezidentinin diplomatik qələbəsi hesab etmək olar?

- Bir daha xüsusi vurğu ilə bildirmək istəyirəm: Münxen Konfransında Cənab Prezident son dərəcə parlaq nitq söylədi, hər kəsin cavabını lazımlı formada verdi və Azərbaycanın maraqlarını ən mükəmməl şəkildə müdafiə etdi. Panel müzakirələrində və plenar iclasda Prezident İlham Əliyevi izləyərkən rəhbərimlə, dövlətimlə bir daha qürur duydum.

- Paşinyan Laçın yolunun açılmasından danışdı. Niyə o qaçqınların öz yurdlarına qayıtması, silahlı terrorçuların Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi vacib elementlərin yer aldığı 10 noyabr razılaşmasından danışmadı? Sizcə, niyə riyakarlıq etdi?

- Paşinyan indiyə qədər həmişə “oyun” oynamağa çalışıb, yalnız və yalnız özünə sərf edən məsələləri qabardıb. Çox doğru buyurursunuz ki, bəs Qarabağda məskunlaşan silahlı terrorçular oradan nə vaxt çıxacaq, Zəngəzur dəhlizi nə zaman açılacaq? - Bax, bu sualları Paşinyan cavabsız qoydu və ona görə də, Prezident İlham Əliyevin sərt təpkisi ilə üzləşdi. Cənab İlham Əliyev həmin məqamda Paşinyana “dərs” verdi. Məhz “dərs”! Açıqca da söylədi ki, cinayətkar Vardanyan bölgədən çıxmalıdır. Yalnız bundan sonra erməni icmasının nümayəndələri ilə paraktik təmaslara keçilə bilər. O ki qala Zəngəzur dəhlizi məsələsinə, biz dəfələrlə söyləmişik ki, o dəhliz açılmalıdır və açılacaq! İndi ola bilər, Paşinyan verdiyi sözlərdən boyun qaçırsın. Amma hər şey onun iradəsi ilə həll olmur ki. Biz əgər deyiriksə açılacaq, deməli, açılacaq. Paşinyan bu məsələ ilə bağlı zamanında öz razılığını verib və sözündən qaçsa, onu buna məcbur edəcəyik.

- Paşinyan əvvəlki konfransda olduğu kimi, bu dəfə də özünü pis vəziyyətdə qoydu. Bu kimi ağır vəziyyət onun sonunu gətirə bilərmi?

- Paşinyanın heç vaxt əvvəli olmayıb. Onun elə həmişə sonu olub. İndiki vəziyyəti isə dibdir. Yəni, sonun da sonu. Bədbəxt siyasətçidir o. Bədbəxt, məğlub və oyunbaz.

- Müzakirələri təşkil edən Almaniya Kanslerinin keçmiş müşaviri açıq şəkildə erməni maraqlarından çıxış edirdi. Bu, birbaşa Qərbin müəyyən maraqlı dairələrinin ona verilən təlimatı ola bilərmi?

- Bəli, doğru buyurursunuz, mən də keçmiş müşavirin ovqatında və hərəkətlərində provokasiya elementləri gördüm. Amma nəticə? Olmadı nəticə. Təpki görüncə dərhal geri çəkildi və ondan sonra da əgər diqqət etdinizsə, nitqində, fikirlərində ciddi bir rabitəsizlik yarandı. Belə provokasiyalarla erməni təəssübkeşləri heç nəyə nail ola bilməzlər. Necə ki, ola bilmədilər. Çünki onların qarşısında müdrik və ləyaqətli Prezidentim İlham Əliyev vardı. Hamının cavabını da lazım olan formada verdi. Eyni zamanda, hər kəsə gərəkli mesajları göndərdi.

Gülyanə

Digər xəbərlər