PDF Oxu

Siyasət

  • 2 761

Münxen görüşü: Azərbaycanın mövqeyi qəti və aydındır TƏHLİL

Münxen görüşü: Azərbaycanın mövqeyi qəti və aydındır TƏHLİL

Prezident İlham Əliyev: "Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir"

Almaniyanın Münxen şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə görüşləri Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanmışdı. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsidir. Bu Münxen görüşləri Azərbaycanın diplomatik meydanda növbəti siyasi qələbəsidir. Müstəqil xarici siyasətə malik olan bir ölkənin lideri olaraq Azərbaycan Prezidenti Münxendə təcrübəyə əsaslanan peşəkar və qətiyyətli siyasi məharətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, Cənab İlham Əliyevin bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunun təzahürüdür. Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə çatdırıb: "Biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir".

"DAXİLİ İŞLƏRİMİZƏ KƏNAR QÜVVƏLƏRİN QARIŞMASINA HEÇ VAXT İMKAN VERMƏMİŞİK VƏ İMKAN VERMƏYƏCƏYİK"

"Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır", - deyə bildirən Cənab Prezident Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayıb: "Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür". Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirən Cənab Prezident Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyimizin tamamilə məntiqli olduğunu diqqətə çatdırıb. "Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır". Ermənistanın baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirilməsi onun yenə də öz amplualarında qaldığını bir daha təsdiqləyir. Azərbaycanın isə mövqeyi birmənalıdır: "Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik", deyən dövlətimizin başçısı onu da bildirib ki, biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin: "Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar". Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu diqqət mərkəzindədir. Qeyd edək ki, Münxen Konfransı Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımdan diqqəti çəkir. Dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu.

"AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİ DƏ ANLAYIŞLA QƏBUL EDİLİR"

Cənab Prezidentə ünvanlanan suallar sırasında Avropa İttifaqının nümayəndələri ilə görüşərkən Fransanın qərəzli mövqeyi ilə bağlı hər hansı bir fikirin səsləndirilməsi yer alıb "Bu haqda mənim tərəfimdən nə isə demək bəlkə düzgün olmaz", - deyən Cənab Prezident bütün görüşlərdə bu məsələnin gündəlikdə olduğunu bildirib: "Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi də anlayışla qəbul edilir". Bildiyimiz kimi, enerji təhlükəsizliyi ilə bağlı panellər də keçirilib. Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. "Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək", - deyə Prezident vurğulayıb.Müasir dünyada Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir ciddi layihələr həyata keçirilmir. Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər bir daha deməyə əsas verir ki, bu Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər