Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayır ki, Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycanın 30 illik münaqişəni 44 gündə hərbi-siyasi yollarla həll edilərək, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpa edilməsinə nail olduq. Bu Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, Qalib Liderimizin “Dəmir yumruq” siyasəti ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. «Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur,-deyən Prezident İlham Əliyev demişdir: “Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
AZƏRBAYCAN PREZİDENTİ PAŞİNYANI FAKT QARŞISINDA QOYDU
Azərbaycan Prezidenti İlham Əliyev Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında bildirdi ki, artıq "Dağlıq Qarapbağ" ifadəsi etibarlı deyil: “Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. «Naqorno» sözünün mənası dağlıq deməkdir". Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: «Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”. Dövlət başçısı onu da bildirib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi: «Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”. Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduq: “Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq”.
AZƏRBAYCAN PREZİDENTİ “DAĞLIQ QARABAĞ” MƏFHUMUNA MÜNXENDƏ DƏ SON NÖQTƏNİ QOYDU
Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bildirib ki, biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə ünsiyyətimizi kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisinə bərabər ərazimizin tamamilə xarabalığa çevrilməsini, sadəcə, unuda bilmərik. Dövlətimizin başçısı vurğulayıb ki, bu, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyub, 67 məsciddən 65-ni dağıdıb, murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər. Prezident İlham Əliyev əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasını unutmaq lazım deyil.
BEYNƏLXALQ İCTİMAİYYƏT 44 GÜNLÜK MÜHARİBƏNİN NƏTİCƏLƏRİNİ TANIYIB
“Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb”.Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.“Biz müharibə apardıq. Bu müharibənin nəticələri beynəlxalq ictimaiyyət və erməni cəmiyyəti tərəfindən tanınıb. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandat oldu. Bu mandat sülhün bərqərar olması üçün idi. Ona görə bizə gələcəyə baxmaq lazımdır», - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır: «Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib". Bəli, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı məntiqli faktlar qarşısında qoydu. Prezident İlham Əliyev Nikol Paşinyanın dediyi hər yalanı asanlıqla təkzib edərək dünyaya göstərirdi ki, Ermənistan yalnız bir şeyə - onun tərəfindən törədilən hərbi cinayətlərə görə cəzasızlığa cəhd edir. Bəli, elə buna görə də, nəticədə, bu dialoqun sonuna yaxın tamaşaçılar erməni liderinə sadəcə gülürdülər, çünki o, yalnız məsxərəyə qoyulmağa layiq idi.
PAŞİNYANIN NÖVBƏTİ YALANI DÜNYADAN XƏBƏRSİZLİYİNİN TƏSDİQİDİR
Bəli, həmişə olduğu kimi, Ermənistanın baş naziri Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində «Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması» mövzusunda keçirilən plenar iclasında da özünü gülünc vəziyyətə qoydu. Görünür, 3 il bundan əvvəl Münxendə Prezident İlham Əliyevlə birgə debat Paşinyana qətiyyən dərs olmayıb. Dünya ictimaiyyəti bu dəfə Ermənistan baş nazirinin həm savadsız, həm də yalançı olduğunu bir daha gördü.Belə ki, Azərbaycan Prezidentinin işğal altında olmuş torpaqlarımızdakı 67 məsciddən 65-inin dağıdıldığını vurğulamasına Paşinyanın cavabı bir daha onun nə qədər savadsız və qəbuledilməz yalançı, böhtançı olduğunu göstərdi.«Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə min məscid dağıdılıb» deməsi nə qədər məntiqsiz və düşüncəsizlikdir. Bir neçə min hara, 65 hara – bu qədər də ağ yalan, bu dərəcədə məsuliyyətsizlik olar?
Bəli, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bir daha sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Bir sözlə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında sülh və təhlükəsizlik, regional əməkdaşlıq, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində davam etdirilən səylər və digər mövzularda qətiyyətli və əsl liderə xas məharəti diqqəti cəlb etdi.
Beləliklə, dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransı bu dəfə də Azərbaycan üçün uğurlu oldu. Və konfransda iştirak edən Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışlar etməsi bir daha dünyanın ölkəmizə olan marağını və Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etməklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
RƏFİQƏ KAMALQIZI