PDF Oxu

Siyasət

  • 4 147

“Paşinyanın özü də nə demək istədiyini axıra qədər dərk etmirdi” MÜSAHİBƏ

“Paşinyanın özü də nə demək istədiyini axıra qədər dərk etmirdi” MÜSAHİBƏ

Abutalıb Səmədov: “Paneldə dövlət başçımız, həmişə olduğu kimi, çox uğurlu çıxış etdi”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun “Səs” qəzetinə müsahibəsi

- Abutalıb müəllim, Münxen Təhlükəsizlik Konfransı keçirildi və burada Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına söykənən çıxışlar etdi. Bu barədə nə deyə bilərsiniz?

- Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildən başlayaraq hər il keçirilir. Konfrans təhlükəsizlik məsələləri üzrə ən nüfuzlu forum hesab olunur. 2020-ci ildə keçirilən tədbirdə ən yaddaqalan hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyanı ağır duruma salan paneldə çıxışı olmuşdu. Budəfəki forumda da dövlət başçımız hadisəyə çevrilən bəyanatları ilə tarixdə qalacaq. Tədbir bir daha göstərdi ki, Prezidentimiz bütün mənalarda qərb dövlətlərinin “dilini bilir” və bu üstünlüyündən Azərbaycanın maraqları üçün istifadə etməyi bacarır.

- Ermənistanın Baş naziri panel müzakirələrdə özünü ifşa edən və dövlətini çox pis vəziyyətdə qoyan fikirlər səsləndirdi. Bu vəziyyət Ermənistanın yanlış siyasət yürütdüyünün göstərcisi sayıla bilərmi?

- Nikol Paşinyan 2020-ci ildə üzləşdiyi “biabırçılıqla” müqayisədə bu dəfə bir az daha yaxşı çıxış etdi. Bu, təkcə Ermənistanın yeritdiyi yanlış siyasətlə bağlı deyildi, həm də hakimiyyətə “küçədən gəlmiş” Paşinyanın səviyyəsi ilə və əlbəttə ki, daha çox qarşısındakı rəqibinin-Azərbaycan Prezidentinin yüksək səviyyəsi ilə əlaqədar idi. Erməni baş nazirinin fikirlərinə gəldikdə isə deməliyəm ki, onun dediklərinin böyük əksəriyyətini qulaq asanlar nə qədər çalışsalar da anlaya bilmədilər. Çox güman ki, heç Paşinyanın özü də nə demək istədiyini axıra qədər dərk etmirdi və imtahanda verəcəyi cavabı bilməyən tələbə durumuna düşmüşdü. Bu forum göstərdi ki, haqlı olaraq Ermənistanın ən ağıllı siyasətçisi sayılan N.Paşinyan dövlətini bundan sonra hələ çox forumlarda biabır etməkdə davam edəcək.

- Cənubi Qafqaz ölkələrinin başçılarının panel müzakirələrində Prezident İlham Əliyev Ermənistanı və onun havadarlarını ifşa edən çıxışlar etdi. Bunu bir daha Azərbaycan Prezidentinin diplomatik qələbəsi hesab etmək olar?

- Paneldə dövlət başçımız həmişə olduğu kimi, çox uğurlu çıxış etdi. Azərbaycanın “Qarabağ məsələsi”ni heç kimlə müzakirə etməyəcəyini inandırıcı dəlillərlə bəyan etdi. Prezidentimizin Laçın və Zəngəzur dəhlizlərində nəzarət-buraxılış məntəqələrinin təşkil olunması ilə əlaqədar səsləndirdiyi təklif son dövrün ən mühüm hadisələrindən biridir və erməniləri son dərəcə ağır duruma salıb. Bir qədər əvvəl bu təklifi alsalar da nə razılaşa bilirlər, nə də “yox” deməyə cəsarət edirlər. Ancaq çox güman ki, təklifi qəbul etməyəcəklər və danışıqlarda özlərini bir az da çətin duruma salacaqlar.

- Paşinyan Laçın yolunun açılmasından danışdı. Niyə o keçmiş qaçqınların öz yurdlarına qayıtması, silahlı terrorçuların Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi vacib elementlərin yer aldığı 10 noyabr razılaşmasından danışmadı?

- Bu, təkcə Paşinyanın deyil, bütövlükdə ermənilərin mahiyyətini tamamilə ortaya çıxaran bir məsələdir. Ermənilər maraqlarına uyğun gəlməyən məsələlərin üstündən sükutla keçməyə adət ediblər. Unudurlar ki, Laçın dəhlizi humanitar məqsədlər üçün açıq saxlanılıb, minalar, silahlar və terrorçular üçün deyil. Azərbaycan Prezidenti forumda hamıya, o cümlədən, N.Paşinyana izah etdi ki, bu praktikaya son qoyulmasa, Azərbaycanın sərvətləri qanunsuz olaraq xaricə daşınmaqda davam etsə, mütəxəssislər tərəfindən monitorinq keçirilməsinə imkan verilməsə, nəhayət, dəhlizi “su yoluna” çevirən Vardanyan Qarabağdan xaric olunmasa, gələcəkdə daha kəskin addımların atılacağı istisna olunmur.

- Paşinyan əvvəlki konfransda olduğu kimi, bu dəfə də özünü pis vəziyyətdə qoydu. Bu kimi ağır vəziyyət onun sonunu gətirə bilərmi?

- N.Paşinyanın mötəbər görüşlərdə, forumlarda ağır vəziyyətə düşməsi ilk dəfə baş vermir. O, Azərbaycan Prezidenti ilə üz-üzə gəldiyi tədbirlərdə ağır duruma düşməyə artıq öyrəşib, bir növ “adətkar” olub. Ona görə növbəti “Münxen uğursuzluğu” nəinki onun sonunu gətirməyəcək, heç kiçik narahatlıq belə yaratmayacaq. Ermənilər yaxşı anlayırlar ki, bu gün Prezident İlham Əliyevin qarşısına çıxmağa layiq olan siyasətçiləri yoxdur və “diplomatik uğursuzluqlara” adət etməkdən başqa çarələri yoxdur.

- Müzakirələri təşkil edən Almaniya Kanslerinin keçmiş müşaviri açıq şəkildə erməni maraqlarından çıxış edirdi. Bu, birbaşa Qərbin müəyyən maraqlı dairələrinin ona verilən təlimat ola bilərmi?

- Biz bu cür ədalətsiz davranışla birinci dəfə üzləşmirik. Elə dövlət başçımızın -“biz haqq-ədalət istəyirik”- bəyanatının kökündə də bu reallığa etiraz dayanır. Ancaq bir şeyi birmənalı şəkildə deməliyik ki, son illər Azərbaycana münasibət kəskin şəkildə dəyişib və bu, ilk növbədə, Prezident İlham Əliyevin gördüyü böyük işlərin nəticəsidir.

Gülyanə

Digər xəbərlər