PDF Oxu

Siyasət

  • 3 700

Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi - TƏHLİL

Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyub, 67 məsciddən 65-ni dağıdıb, murdarlayıblar"

Bəli, bu gün Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Tarixə nəzər yetirsək müxtəlif dövrlərdə ermənilərin ölkəmizə qarşı ərazi iddialarının şahidi olmuş olarıq. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu mərhələlərini təşkil edir. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən davam etmiş işğalçılıq siyasəti nəticəsində bir milyon vətəndaşımız öz doğma yurd-yuvalarından məhrum olmuş, mədəni və dini abidələrimiz dağıdılmışdır. Bununla dayanmayan düşmən dəfələrlə atəşkəsi pozaraq ölkəmizə qarşı hücum əməliyyatları həyata keçirmiş və qarşısı dərhal Silahlı Qüvvələrimiz tərəfindən alınmışdır.

2020-ci ilin sentyabr ayının 27-də növbəti belə hücuma qarşı ölkəmizin başlamış olduğu haqq savaşı Azərbaycanın ədaləti bərpa etmək gücündə olduğunu bütün dünyaya sübut etdi. 44 gün davam edən Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu düşməni məhv edərək tarixi ədaləti bərpa etdi. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağ və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi aşkarlandı. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olan xarici media əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri bir daha erməni vandalizminin canlı şahidi oldular. Neçə illər düşmən işğalında olmuş doğma Qarabağımız bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qəhrəman ordumuzun şücaəti nəticəsində işğaldan azad olunub və özünün çiçəklənmə mərhləsini yaşayır. İşğaldan azad edilmiş bu diyarda bərpa və yenidən qurma işləri istiqamətində mühüm işlər görülür, müvafiq addımlar atılır, intensiv fəaliyyət həyata keçirilir. Həyata keçirilən işlər tezliklə Qarabağın yenidən qurulmasına, sürətlə inkişaf etməsinə və çiçəklənən diyara çevrilməsinə böyük töhfələr verəcək, onun tarixi şöhrətini özünə qaytaracaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyev bütün beynəlxalq görüşlərdə, müsahibələrində dəfələrlə bildirib ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi.

ERMƏNİSTAN 30 İLƏ YAXIN AZƏRBAYCAN TORPAQLARINI İŞĞAL ALTINDA SAXLAYIB, LAKİN ONA QARŞI HEÇ BİR SANKSİYALAR TƏTBİQ EDİLMİRDİ

Elə bu günlərdə Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda keçirilən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında deyib ki, 30 il ərzində işğal edilmiş ərazilərdə bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoyaraq beynəlxalq ədaləti bərpa edib və indi azad edilmiş ərazilərə səfər edən hər kəs azərbaycanlıların dini-mədəni irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görə bilir: «Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib». Azərbaycan Prezidenti deyib ki, biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq. Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə ünsiyyətimizi kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisinə bərabər ərazimizin tamamilə xarabalığa çevrilməsini, sadəcə, unuda bilmərik.

BU, YADPLANETLİLƏRİN ƏMƏLİ DEYİL. BUNU BİZİM TORPAĞI İŞĞAL EDƏN QONŞULARIMIZ TÖRƏDİBLƏR

Bəli, Azərbaycan dünyada ən böyük ədələtsizliklə üzləşmiş ölkələrdən idi. Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında da vurğulayıb ki, bu, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyub, 67 məsciddən 65-ni dağıdıb, murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər.
«Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da söyləyib ki, biz 28 il ərzində sülh danışıqları apardıq: «Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ci ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi».

AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA BİZİM TARİXİ, MƏDƏNİ, DİNİ İRSİMİZ ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILIB, TƏHQİR EDİLİB, SÖKÜLÜB

Onu da vurğulayaq ki, Prezident İlham Əliyev qələbədən sonra mütəmadi olaraq işğaldan azad olunmuş rayonlarımıza səfər etdi və bu səfər zamanı bir daha diqqəti ermənilər tərəfindən məscidlərimizin dağıdılmasına yönəltdi: "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb",- deyən Prezident İlham Əliyev bunun bütün müsəlman aləminə, islam dininə qarşı cinayət olduğunu bildirib.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin vəziyyəti göstərir ki, ermənilər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozublar.

30 ilə yaxın işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Lakin dağıdılan yalnız islam mədəniyyətinə aid abidələr deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi abidələr də vandallığa məruz qalıb, muzeylər talan edilib, milli eksponatlarımız Ermənistana daşınıb.

İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

ERMƏNİLƏR DAHİ ŞƏXSİYYƏTLƏRİMİZİN BÜSTLƏRİNİ TƏHQİR EDƏNDƏN SONRA ONLARI ƏRİDİB SATMAQ, PUL ƏLDƏ ETMƏK ÜÇÜN ERMƏNİSTANA APARMIŞDILAR

Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

"Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi",- deyən dövlət başçısı bildirib ki, bu büstlər artıq öz yerlərindədir.

"Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır",-deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq onlar doğma Vətənə qayıdıblar: "Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini. Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!".

DÜNYA NİYƏ ERMƏNİ VANDALİZMİNƏ GÖZ YUMMAQDA DAVAM EDİR?

Erməni terrorçuları tərəfindən 30 ilə yaxın işğalda qalan ərazilərimizdə 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi.

Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər.

Həmçinin, bu gün İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin də taleyi acınacaqlıdır. Belə ki, Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi həyata keçirilir. Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Və bu gün belə bir abidənin - Təpəbaşının məhv edilməsinin qarşısının alınması da dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Xüsusi ilə UNESCO tərəfindən etinasızlıq göstərilməməlidir. Çünki bu, dünya mədəni irsinin bir hissəsidir.

DÖVLƏTİMİZ ERMƏNİ VANDALİZMİNƏ, BARBARLIĞINA ŞAHİD OLMUŞ QARABAĞI CƏNNƏTƏ ÇEVİRƏCƏK

Artıq bu gün dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək və Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri aparılır.

Bir sözlə, dünya birliyi unutmamalıdır ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan dağıtdığı bütün tarixi abidələrə, mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir. Bunun üçün Ermənistana qarşı beynəlxalq təzyiq gücləndirilməlidir.

Beləliklə, beynəlxalq platformada Azərbaycan erməni vandallığını və erməni iddialarının saxta olduğunu dünyaya sübut edəcək. Və Ermənistan beynəlxalq təsisatların üzvü olan bir dövlət olaraq, Azərbaycanın dini və mədəni irsinə qarşı işğal olunmuş ərazilərdə törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Unutmayaq, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə yol verdiyi vandallığa görə mütləq cavab verəcəkdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər