Məlum olduğu kimi, fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır. Dövlətimizin başçısının növbəti dəfə belə mötəbər tədbirə dəvət alması Azərbaycan liderinin böyük nüfuzunun, yüksək liderlik və natiqlik qabiliyyətinin, qlobal prosesləri obyektiv təhlili məharətinin göstəricisidir. Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirdiyi olduqca mühüm görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır.Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclas Avropa ictimaiyyətinə regionumuzda formalaşmış yeni reallıqlar və tarixi həqiqətlər barədə obyektiv məlumatların çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir.
Səfərin ilk günündə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə prezident İlham Əliyev alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını və uğurlu təcrübəmizin olduğunu qeyd edərək ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğuladı. Ölkəmizin başçısı həmçinin bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanlar var. Bununla yanaşı prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və mötəbər qurumla ölkələrimiz arasında sıx münasibətlərin mövcudluğundan, Aİ ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığından söhbət açdı.
Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımından Münxen Konfransı mühüm əhəmiyyətə malik idi. Dünya birliyi bir daha prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nın Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu.
Prezident cənab İlham Əliyev bu günə qədər danışıqlardan qaçan Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi.
“Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Dövlətimizin başçısı Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək və hər kəsdən ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını bildirdi. Çıxışında Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu söyləyən Prezident İlham Əliyev orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bildirdi.
Dövlətimizin başçısı İran-Azərbaycan münasibətlərinə də toxunaraq bununla bağlı verdiyi açıqlamanın möhkəm məntiqə və ədalət prinsiplərinə əsaslandığını bildirdi. “İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərilib. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız insanımızın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək real göstəricilərdir. Yanvarın 27-də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan sialhlı hücum ölkəmizə qarşı həyata keçirilmiş növbəti qanlı terror aktı idi”. Prezident İlham Əliyevin dediyi kimi, bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran siyasi elitasının bəzi nümayəndələri tərəfindən göndərildiyini deməyə tam əsas verir.
Beləliklə Prezident İlham Əliyev Münxendə növbəti uğura imza atdı və Münxen Konfransı Azərbaycanın növbəti siyasi qələbəsi kimi yadda qaldı.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri