Fevral ayının 18-də Cənab Prezident İlham Əliyevin Münxendə Amerika Birləşmiş Statlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilmişdir. Görüşün əsas məğzi məhz torpaqlarımızın işğaldan azad olunmasından sonra regionda daha dəqiq Cənubi Qafqazda sülhün bərqərar olunması, təhlükəsizliyin təminidir. Cənab Prezidentin görüşdə vurğuladığı kimi, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşübdür!
Bu gün hər kəsin bildiyi və gördüyü kimi torpaqlarını azad edən məğrur bir Azərbaycan və onun Qarabağ bölgəsi vardır! Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır, biz sülhü dəstəkləyərək bunun zəmin yaranmasına şərait yaradırıq, lakin Ermənistan tərəf buna hər cəhddə mane olmağa çalışır. Azərbaycan öz üzərinə düşən haqq işini və ədaləti bərpa etdi. Buna baxmayaraq Azərbaycan tərəf qarşı tərəflə Qarabağda yaşayan erməni azlığın hüquqlarını və təhlükəsizliyinə dair müzakirələr aparacaqdır. Bununla aydın olur ki, biz münaqişəyə qədər, münaqişə ərəfəsində və sonra beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq hərəkət edirik. Erməni tərəf isə 30 ilə yaxın bir müddət ərzində torpaqlarımızı işğal altında saxladı, daim qətliam törətdi, beynəlxalq hüquq normaları qanun və prinsipləri isə o zaman heçə sayıldı.
Artıq bunlar geridə qalmış olsa da, hər zaman bizim qanlı yaddaşımız kimi xatırlanacaqdır. Baş verənlər belə davam edə bilməzdir! 2020-ci ildə sentyabr ayında bizim ədalət savaşımız başladı və cəmi 44 gün sonra noyabr ayında üçtərəfli Bəyanat imzalanaraq Ermənistanı kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Bax, budur Azərbaycanın gücü!
Baş verənlərə baxmayaraq ölkə rəhbərinin humanist addımları sayəsində qalib Azərbaycan Ermənistana sülh əlini uzatdı. Çünki Cənab Prezident çox gözəl bilir ki, qonşu olan dövlətlər daim müharibə və münaqişə vəziyyətində yaşaya bilməzlər. Bununla yanaşı, həmin regionda sülhün və təhlükəsiziliyin təminindən söhbət belə gedə bilməz. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında bizim mövqeyimiz tamamilə məntiqlidir. Bundan sonra əsas sülh prosesi ərəfəsində olan öhdəliklər Ermənistan tərəfə düşməkdədir. Onlar ya sülhü dəstəkləyərək səsimizə səs verəcəkdir, əks təqdirdə Cənubi Qafqaz regionunda sülh şəraiti olmayacaqdır.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı