PDF Oxu

Siyasət

  • 1 580

Erməni faşist ideologiyasının dəyişməyən məzmunu TƏHLİL

Erməni faşist ideologiyasının dəyişməyən məzmunu TƏHLİL

Törədilən soyqırımlar, qətliamlar, terrorlar

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür. Dövlət başçısının çıxışlarının birində vurğuladığı kimi, "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir".

Əlbəttə ki, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə baş verən olaylar ermənilərin xalqımıza qarşı olan çirkin niyyətlərini ortaya qoymuş olur. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 105 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.

BİR GECƏNİN İÇİNDƏ YERLƏ-YEKSAN OLAN ŞƏHƏR

Bildiyimiz kimi, 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin, məhz soyqırımı olduğunu təsdiq edir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi" yaradılıb.

QARADAĞLI QƏTLİAMI

Ermənistan hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhəri və törədilən soyqırımı dünyanın gözü qarşısında olmuşdur. Başlıbel, Ağdaban və onlarla digər kəndlərdə ermənilərin törətdiyi soyqırımı onların tarixdən silinməyəcək iyrənc siyasətini ortaya qoyur.1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir. Tarix təkrarlanıb. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar.

KƏLBƏCƏRİN QƏM DASTANININ ƏN KƏDƏRLİ SƏHİFƏSİ - AĞDABAN FACİƏSİ

Soyqırım, genosid bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmış bir xalq olmuşdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Qarabağ savaşının ən dəhşətli faciələrindən biri olan Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı zamanı bütöv bir kənd tamamilə yandırılmış, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilmiş və yurdundan didərgin salınmışdır.

Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşirin evi və zəngin arxivinə od vurularaq, külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsini açıb. Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırımına "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.

BAŞLIBELDƏ TÖRƏDİLƏN QƏTLİAMLAR

Onu da qeyd edək ki, 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib və onu ikinci dəfə viran ediblər. Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamdır ki, 1993-cü ilin aprel ayının 2-də baş verən hadisə zamanı Başlıbelin kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

TORPAQLARIMIZI TƏRK EDƏRKƏN ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ YANĞINLAR

Bu gün işğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunub. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi.

Tarixə diqqət etsək görərik ki, iki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin acı nəticələrini yaşamışıq. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Yaxın tariximiz olan 44 günlük Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşanılan hadisələr də ermənilərin faşist əmməllrini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər