PDF Oxu

Siyasət

  • 2 237

Azərbaycan həqiqətləri Münxendə bir daha dünyanın diqqətinə çatdırıldı ŞƏRH

Azərbaycan həqiqətləri Münxendə bir daha dünyanın diqqətinə çatdırıldı ŞƏRH

Məlum olduğu kimi, fevralı 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilmiş dəyirmi masada, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak edib. Həmçinin Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit, İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə olduqca mühüm görüşlər keçirmişdir. Eyni zamanda Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü təşkil edilmişdir.

Görüşdən sonra Prezident cənab İlham Əliyev televiziya kanallarına müsahibə verib. Müsahibəsi zamanı dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması şərtləri və eyni zamanda bir çox məsələlərin müzakirə olunduğunu, ümumilikdə görüşün yaxşı, konstruktiv keçdiyini bildirdi.

İranla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair sualı cavablandırarkən Dövlət başçısı bildirdi ki, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş silahlı hücum terror aktı idi. İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Prezidentimiz həmçinin onu da diqqətə çatdırdı ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub.

30 il ərzində işğal edilmiş ərazilərdə bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib deyən Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoyaraq beynəlxalq ədaləti bərpa edib və indi azad edilmiş ərazilərə səfər edən hər kəs azərbaycanlıların dini-mədəni irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görə bilir.

Beləliklə, cənab Prezident İlham Əliyev Münxendə bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlər başçımızın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan plenar iclasda, dəyirmi masada etdiyi çıxışlar, keçirdiyi mühüm görüşlər ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzunun göstəricisidir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər