“Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydan çoxdur ki, davam edir. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə edilib: “Azərbaycan Prezidenti vurğulayıb ki, burada söhbət blokadadan gedə bilməz, əsas tələbimiz odur ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın. “Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır. Biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərfli missiyalarından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”. Bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına nümayiş etdirirlər. Aksiyaçılar tələb edirlər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulsun. Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdir ir”.
A.Xəlilov onu da bildirdi ki, bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır: “Separatçılar və onların havadarları Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu durum Azərbaycan xalqı tərəfindən haqlı olaraq hiddətlə qarşılanır. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir. Bir sözlə, aksiya iştirakçıları tezliklə istədiklərinə nail olacaqlar. Azərbaycan bu dəfə də haqlı istəyinə nail olacaq. Bütün aksiyada iştirak edən ictimai fəallarımızı bu şərəfli mübarizəyə görə alqışlayır və minnətdarlığımı bildirirəm”.
Gülyanə