PDF Oxu

Siyasət

  • 2 166

Xocalı faciəsi əsrin soyqırımıdır ŞƏRH

Xocalı faciəsi əsrin soyqırımıdır ŞƏRH

Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün növbəti tarixi cinayəti – Xocalı soyqırımını törətdilər. Bu hadisə Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi də hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulmasından sonra bu əlaqə də kəsilmişdir. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşamışdır. Ermənilər tərəfindən Xocalıya hücum edilməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi idi. 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndidən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini aydın təsəvvür etmək olar.Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 26 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq bu qanlı faciə haqqında düşündükcə istər-istəməz saysız-hesabsız suallar yaranır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərlə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə hər şeyin üstü örtüldü, faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də azərbaycanlıların soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya A.Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi.Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi.Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyaya bəyan edilməsi yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. “Xocalıya ədalət!” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllülər qoşulub. Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər