PDF Oxu

Siyasət

  • 2 574

Azərbaycanın növbəti diplomatik uğuru ŞƏRH

Azərbaycanın növbəti diplomatik uğuru ŞƏRH

Münxen Təhlükəsizlik Konfransı dünyanın aktual problemlərinin müzakirəsi baxımından çox mühüm platformadır. Azərbaycan bu platforma vasitəsilə fəal siyasət həyata keçirir. Dövlətimiz 2008-ci ildən etibarən mütəmadi olaraq həm ölkə Prezidenti, həm də nazirlər səviyyəsində Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində iştirak edir. Bir neçə gün öncə baş tutmuş Münxen Təhlükəsizlik Konfransının sayca 59-cu görüşünə dəvət olunmuş az sayda dövlət başçılarından biri də Prezident İlham Əliyev idi. Cənab Prezidentin bu Konfransda iştirakı Azərbaycan həqiqətlərinin, o cümlədən Cənubi Qafqazda 2020-ci ildə Azərbaycanın yaratdığı reallıqların bir daha bütün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmidlə ikitərəfli görüşləri ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidentinin Konfransın əsas proqramı çərçivəsində, həmçinin keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada, daha sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi artıq ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərin mötəbər platformalarda beyin mərkəzlərinin, dünya ictimaiyyətinin maraq dairəsində olduğunun əyani sübutdur.

Plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin, eyni zamanda, bir platformada görüşmələri həqiqətən də tarixi bir hadisə idi. Prezident İlham Əliyev regionda yaratdığı yeni reallıqların müəllifi kimi sülh gündəliyini prioritet olaraq ortaya qoydu, Ermənistan baş nazirinin qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalarını bir daha ifşa etdi. Qürurla deyə bilərik ki, 2020-ci ildə keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin debatında cənab Prezident qətiyyətli Lider kimi qarşı tərəfi susdurdu və bu debatdan bir neçə ay sonra 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu mötəbər beynəlxalq platforma çərçivəsində keçirilən builki görüşlər də Azərbaycanın növbəti qələbəsi, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, sülh sazişinin imzalanması ilə nəticələnməsinə hədəflənib.

Digər bir vacib məqam isə nüfuzlu beynəlxalq platforma çərçivəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun xüsusi vurğulanmasıdır. Belə ki, fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Prezident İlham Əliyev iştirak edib. Tədbirdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da bu baxımdan böyük önəm kəsb edir.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin də xüsusi rolu var. Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Anar Abbasov

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini

Digər xəbərlər