18 fevral 2023-cü il tarixdə ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşü çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Konfransın gündəliyində hər zaman dünyada təhlükəsiz həyatın təmin edilməsi və bu prosesin həlli yolları kimi əsas mövzular dayanır. Dünyanı bürüyən münaqişələr fonunda davamlı sülhün təmin olunması baxımından Münxen Təhlükəsizlik Konfransı vacib və nüfuzlu platformadır. Prezident İlham Əliyevin bu konfransda iştirakı onu göstərir ki, Azərbaycan dünya siyasətində yüksək nüfuza malik və sülh tərəfdarı olan dövlətdir. Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirmiş, mühüm mövzularda müzakirələr aparmışdır və dövlət başçısının Münxen Təhlükəsizlik Konfransındakı iştirakı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın və Ermənistanın baş naziri, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Şurasının sədr müavini iştirak ediblər. Tarixdə ilk dəfə idi ki, bu konfrans vasitəsilə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri bir arada görüşürdü, bu baxımdan bu görüş tarixi görüş hesab olunur.
“Rusiya Ukrayna müharibəsinin qonşu ölkələrə necə təsir göstərib” sualını cavablandıran cənab Prezident bildirib ki, Azərbaycana birbaşa təsiri olmasa da ümumi geosiyasi vəziyyəti təmamilə dəyişib və ola bilsin müharibədən əvvəlki vaxtlara qayıtmasın. Bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər yaşaya bilərik. Uzun illər ərzində logistika və daşımalar infrastrukturunun yaradılmasına yatırımlar edən Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan daşınan yüklərin Avropaya yönəldilməsi əlavə imkanlar açır. 44 gün çəkən İkinci Qarabağ müharibəsi iki ildən çoxdur ki, bitmişdir və Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Müharibənin xalqlar üçün hansı dağıntı və əziyyətlər gətirdiyini yaxşı bildiyimizə görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Cənab Prezident hazırda Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarının tezliklə tamamlanacağına ümid etdiyini diqqətə çatdıraraq ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanması yaxşı nümunə ola bilər.
Prezident İlham Əliyev qeyd edib ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməsini hamıdan xahiş edən dövlət başçısı xüsusilə bəyan edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” kimi inzibati vahid yoxdur, erməni əhalisinin yaşadığı Qarabağ rayonu var. Orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan edib. Cənab Prezident İlham Əliyev bildirib: “Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.”
Görüş zamanı Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə edilib. Qarabağda rəhbər mövqe tutmaq üçün Rusiyadan “gizli yolla keçirilmiş” şəxsin Qarabağdan Moskvaya, oradan İrəvana, sonra isə yenidən Qarabağa qayıtmağa nail olması faktı blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın.
Səfər çərçivəsində keçirilən plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev yeni reallıqlar, bölgədə gedən proseslər barədə dəyərli fikirlərini bölüşərək bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdəki vəziyyət tamamilə dəyişmişdir. “Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır”.Prezident İlham Əliyevin Münxen səfərinin nəticələrini təhlil edərkən görürük ki, cənab Prezidentin bu səfər çərçivəsindəki görüşləri, çıxışları, bəyanatları Azərbaycan diplomatiyasının, dövlət rəhbərinin xarici siyasətinin növbəti zirvəsidir.
Günay Məmmədli
YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri