Artıq düz otuz bir il ötüb o faciəli –(fevralın 25-26 keçən gecə, 1992 –ci il) gecədən. 1905-ci ildən bu yana dəfələrlə erməni və himayədarları tərəfindən tacavüzə məruz qalan Azərbaycan xalqı sonunda analoqu olmayan Xocalı soyqırımı yaşadı. Əsrin soyqırımı adlandırılan Xocalı soyqırımı Xatın, Xirosima, Sonami soyqırımları ilə müqayisə edilsə də, ağlagəlməz, təsəvvürəsığmaz işgəncə, qəddarlıq üsullarına görə daha müdhiş idi: kişilərin baş dərisini soymaq, qulaqlarını, başlarını və digər orqanlarını kəsmək, uşaqları öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürmək, südəmər körpələri şaqqalamaq, gözlərini çıxarmaq, hamilə qadınların qarınlarını yarmaq, ağır texnika ilə əzmək, diri-diri basdırmaq, üstlərinə benzin tökərək yandırmaq, su tökərək dondurmaq, əsir və girovların daxili orqanlarını çıxarıb satmaq, qazanc üçün yararsız hesab etdiklərini «drabilka» sexində «farşa» çevirib heyvanxanaya vermək, bütün bunlar azmış kimi, meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər, çoxsaylı bıçaq və güllə yaraları, tikə-tikə doğranılması...
Amma çox təəssüf ki, yaşadığımız bu acı həqiqət o zamanlar dünyaya çatmırdı. Hər kəs Azərbaycan xalqının başına gətirilən bu faciəni görməzdən gəlirdi. İçimizdən qopan fəryad yalnız öz içimizi didib parçalaya bilirdi. Şair Zəlimxan Yaqub “O qızın göz yaşları” poemasında dediyi kimi:
Doğrandı dayağı, kəsildi soyu,
Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz boyu,
O gün Xocalıda qar qırmızıydı.
Xocalı faciəmizin ağrısını yalnız qələbə xəbəri yuya bilərdi. Və hər dəfə Ali Baş Komandan İlham Əliyev Cənabları Azərbaycan xalqı qarşısında “Qarabağ azad olacaq. Torpaqlarımızı hansı yolla olursa-olsun geri alacağıq” ifadəsi ilə insanlarda inam hissini ölməyə qoymurdu. Nəhayət, “Dəmir yumruq” öz sözünü dedi və gücünü dünyaya göstərdi. 44 günlük savaşdan qələbə ilə çıxmağımız Xocalı faciəsinin yanğısına su çilədi. Biz ilk olaraq Müzəffər Ali Baş Komandanın sayəsində, daha sonra güclü ordumuz və Birləşən Xalqımız sayəsində Qarabağ torpaqlarını azad etdik. “Dəmir yumruq” verdiyi sözə əməl edə bilən, ata nəsihətini, xalqına olan sevgisini heç nəylə əvəz edə bilməyən “nər kişinin” dəmir yumruğudur. Şair demişkən:
“Dəmir yumruq”-bu gözəl söz
El-obanın dilindədir.
Dəmir yumruq dəmir kimi
Bir kişinin əlindədir.
Dəmir yumruq Qrabağda illərcə sönən işıqlarımızı yandırmağa gücü yetən bir cəsarət, bir güc simvoludur. Onun polad cəsarəti heç bir ədalətsizlikdən əyilə bilməz. Ona görə ki, bu yumruq Azərbaycan xalqının birlik rəmzidir. Bu yumruq var olduqca biz hər zaman qalibik! Var olsun birliyimiz və bərabərliyimiz!
Mərziyyə Nəcəfova
YAP Yasamal rayon AMEA Ədəbiyyat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri