PDF Oxu

Siyasət

  • 2 608

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır ŞƏRH

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır ŞƏRH

Xocalı soyqırımı tək Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən acımasız kütləvi qırğınlardan biridir. Qədim tarixə malik olan ölkəmiz dəfələrlə bu cür faciələrlə üzləşmişdir. Misli görülməmiş vəhşiliklə həyata keçirilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.

1992-ci il fevralın 26-da gecə saatlarında erməni silahlı birləşmələri və sovet ittifaqından qalma 366-cı motoatıcı alayı tərəfindən dinc əhaliyə qarşı soyqırım aktı törədildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə təmamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşaq taleyi bugünə kimi naməlum qalıb.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdi. Hələ prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə təhlükəsizlik şurasının sədrinə 1993-cü il 26 iyul tarixli yazılı müraciət etmişdir. 1994-cü il fevralın 24-də onun təşəbbüsü ilə Milli Məclis qərar qəbul edir və hər il fevralın 26-sı Xocalı Soyqırımı kimi qeyd olunur. Bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmişdir.

Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin ətraflı məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan Xocalıya Ədalət Beynəlxalq Kompaniyasının xüsusi əhəmiyyəti vardır. Bu kompaniya çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən-ilə genişlənir. Xocalıya Ədalət Beynəlxalq Kompaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı Soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət alıb. Bu kompaniya çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları və piketlər, seminarlar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə xaricdə təhsil alan tələbə və gənclərimizin fəallıq göstərməsi də bu sahədə görülən işlərin miqyasını və əhəmiyyətini artırmışdır. Kampaniya çərçivəsində aparılan işlər özünün müsbət nəticələrini verib. Artıq ermənilər tərəfindən törədilən misli görülməmiş vəhşilik olan Xocalı faciəsini rəsmi şəkildə soyqırım kimi tanıyan dövlətlərin sayı ildən ilə artmaqdadır. Həmin ölkələrin sayı 38, beynəlxalq təşkilatların sayı isə 2-dir. Amerika Birləşmiş Ştatlarının 33 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb və bu tanıma prosesi bundan sonra da davam etdiriləcəkdir.

Xocalı soyqırımı xalqımızın həyatından qara xətt kimi keçdi. Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər tarixən təkcə Azərbaycanın torpaqlarına göz tikməyib, həm də bizim xalqa qarşı soyqırım kimi vəhşi bir akt törətmək planı ilə artıq yola çıxmışdı.

Nə Azərbaycan xalqı, nə də keçən uzun zaman bu cinayətkarların günahını bağışlamadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində işğal altında olan ərazilərimizi düşmən taptağından azad etməklə tarixin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımının qisasını döyüş meydanında aldı. “Dəmir yumruq” əməliyyatı Xocalı cəlladlarını rüsvay etdi, Ermənistanı diz çökdürdü. Torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz təmin olundu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu gerçəkləşdirərək hərb tarixinə yenilik gətirdi.

Bu faciə heç vaxt unudula bilməz. Ermənistan bu cinayətə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcəyini, bütün əzmini bir daha belə dəhşətli soyqırımların təkrarlanmamasına yönəldən Azərbaycan dövləti və xalqı qarşısında cavab verəcəyini unutmamalıdır. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş 100-lərlə həmvətənimizin xatirəsini daima əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər