PDF Oxu

Siyasət

  • 1 949

Xocalı faciəsi - İnsanlığa silinməz ləkə! ŞƏRH

Xocalı faciəsi - İnsanlığa silinməz ləkə! ŞƏRH

Fevralın 26-da insanlıq və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 31-ci ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıda insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına öldürüldü, 487 nəfərə ağır xəsarət yetirildi, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqirə və ağlasığmaz işgəncələrə məruz qaldılar. Həmin gün Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi.

Bir çox tarixi faciələrimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl iş Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə olaraq düzgün siyasi-hüquqi qiymət verildi. Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirildi, bununla bağlı bir çox internet saytları yaradıldı. Ulu Öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası uzun illərdir bu istiqamətdə əvəzsiz xidmətlər göstərir.

Dövlətimizin diplomatiya sahəsində qazandığı uğurlar və bu istiqamətdə aparılan işlər sayəsində İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə, Cənubi Amerika qitəsi ölkələri Xocalı soyqırımını rəsmi olaraq genosid aktı kimi tanıyıb. Habelə ABŞ-ın artıq 24 qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.

Ən başlıcası isə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və “Dəmir yumruq” qalib gəldi. Müdafiə Nazirliyinin yaydığı kadrlarda erməni hərbçilərin qaçışı, döyüşməyə həvəslərinin olmaması, qorxudan silah-sursatlarını atıb döyüş mövqelərini tərk etməsi, onlara vurulan dəqiq zərbələri görürdük. Azərbaycanın qələbə yolunda erməni meyitləri dolu idi, heç onlara yiyə duran da yox idi. Ancaq bu qisas aktının ermənilərin Birinci Qarabağ müharibəsində törətdiklərindən bir fərqi var idi – mülki erməni əhalisi hədəfə alınmır, silahlar, raketlər, pilotsuz zərbə aparatları yalnız Qarabağda qanunsuz yerləşən işğalçı orduya atəş açır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.31 ilin 28 ilini kədərlə, göz yaşı ilə qeyd etdiyimiz Xocalı qətliamı artıq son üç ildir ki, bizim böyük Zəfərimizin işığında tamam fərqli qeyd olunacaq. Çünki bu anımın içərisində şəhidlərimizin ruhunun rahatlığı da var.

Elvin Əlizadə

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Digər xəbərlər