PDF Oxu

Siyasət

  • 3 553

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımdır ŞƏRH

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımdır ŞƏRH

Birinci Qarabağ müharibəsi zamanı baş vermiş ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri Xocalı Soyqırımıdır. İnsanlığa sığmayan bu cinayətin üzərindən 30 il keçməsinə baxmayaraq, bu tarix xalqımızın qəlbində əbədi sağalmaz yaradır.1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Erməni faşistlərinin azərbaycan və türk xalqlarına qarşı törətdikləri qanlı hadisələrə tarixin səhifələrində çox rast gəlmək olar. Xocalı soyqırımı isə bu hadisələrin sırasında xüsusi qəddarlığı və amansızlığı ilə fərqlənir.

Erməni qəsbkarları Xocalıda misli görünməmiş soyqırımı həyata keçirərək qadınlara, qocalara və uşaqlara silah qaldıraraq onları vəhşicəsinə qətlə yetirdilər. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər məqsədi isə, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Bu faciənin bir səciyyəvi cəhəti də ondan ibarətdir ki, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən dövlətlərin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin səyli nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olunurdu.1994-cü il fevralın 24-də Azərbaycanın Milli Məclisi Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi üçün BMT-yə, beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət etdi. Hər il fevralın 26-da "Xocalı Soyqırımı Günü"nün qeyd olunması barədə qərar qəbul etdi.

Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "Dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. İkinci Qarabağ müharibəsində Azərbaycan bütün dünyaya öz hərbi gücünü göstərdi, nəyə qadir olduğunu əyani şəkildə sübut etdi. Bundan sonra heç bir dövlət, ələlxüsus da erməni faşist və vandalları Azərbaycanın ərazisini işğal etməyə cəsarət etməyəcək. Çünki dövlətimiz hər yeni gün daha da güclənir. Azərbaycanın güclü, suveren dövlətə çevrilməsi, beynəlxalq müstəvidə nüfuzunun artması, regionda liderliyini qoruyub saxlaması dövlətimizin inkişafının və parlaq gələcəyinin qarantıdır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Xocalı soyqırımı, soyqırım qurbanlaqı, Qarabağ müharibəsi şəhidləri və qaziləri qədirbilən xalqımız tərəfindən unudulmur. Onlar xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Xalqımızın müstəqilliyimizə görə məhz şəhidlərimizə borcludur. Şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, örnəyimizdir.

Saleh MƏHƏRRƏMOV,

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər