PDF Oxu

Siyasət

  • 3 322

31 il əvvəl törədilən Xocalı SOYQIRIMI TƏHLİL

31 il əvvəl törədilən Xocalı SOYQIRIMI TƏHLİL

Düz 31 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalını tərk etmək məcburiyyətində qalan köməksiz insan daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildi. Düşmən hərbi texnika və qüvvə baxımından bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Evlərə-eşiklərə od vuruldu, torpaq al qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının, bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirdi. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qocanı xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailəni tamamilə məhv ediblər. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.
Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur. Qeyd edək ki, o ərəfədəki vəziyyət birdən-birə yaranmayıb. Bu münaqişə ilə bağlı ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşayan iki-üç məntəqədən keçmək lazım idi. Yəni Xocalı, bütünlükdə, erməni yaşayış məntəqələrinin mühasirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqdə Əsgəran idi, yuxarıda - 10 km məsafədə Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Xocalıya hücuma gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində bir əl pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahı var idi. Son ana qədər vətəni tərk etmədilər. Vətəni qoyub çıxmaq xocalılıların heysiyyatına toxunurdu. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, uşaqlar və qadınlar.
Ermənilərin törətdikləri əməllərin ən dəhşətlisi Xocalı soyqırımı oldu. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı anlarından biri kimi yaşandı.

ANANIN ÖVLADINA QARŞI SEVGİ NÜMUNƏSİ

Tarixin hələ indiyədək şahidi olmadığı bu soyqırım ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndidə qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və soyqırımı törədərək bir şəhəri yer üzündən tamam sildilər. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq" kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib.
Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirlər. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş və ata-baba yurdlarından deportasiya edilmişlər.
Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı Soyqırımı Günü" elan edilmişdir.
Bu il bizlər, Xocalı soyqırımının 31-ci anım ilini qeyd edirik. Yeddi min əhalisi olan Xocalı, erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edildi. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirildi, 487 nəfər ağır yaralandı, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qaldı. Onların 135 nəfərinin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar oldu. 8 ailə tamamilə məhv edildi, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qaldı. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri hazırda ölkəmizin 40 rayonunda məskunlaşıb.

YENİ MƏRMİLƏRİN RADİUSUNU, HƏDƏFDƏYMƏ MƏQAMLARINI SINAQDAN ÇIXARMAQ ÜÇÜN COĞRAFİ CƏHƏTDƏN DƏYƏRLİ MƏKAN

Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosibirisk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmişdir və Xocalı seçilmişdir. Xocalı şəhərində həyata keçirilən genişmiqyaslı soyqırımı zamanı SSRİ-nin hərbi-sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərriki, tərkibində kimyəvi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni güllələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər və zirehli geyimlər sınaqdan çıxarılıb. Beynəlxalq ictimaiyyət bu hadisə ilə yaxından tanış olsa da, təəssüflər olsun ki, vəhşiliklərə bəzi hallarda göz yumur.
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corciya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkanzas ştatı, Missisipi ştatı, Oklahoma ştatı və başqa ştatları qətnamə qəbul ediblər.

"XOCALI SOYQIRIMINI HƏYATA KEÇİRƏNLƏR GEC-TEZ ƏDALƏT MƏHKƏMƏSİ QARŞISINDA CAVAB VERƏRƏK, LAYİQLİ CƏZALARINI ALACAQ"

Bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Təbliğat və təşviqatı daha da gücləndirilməliyik ki, haqq səsimizi dünyaya lazımı səviyyədə çatdıra bilək. Bu gün, təbii ki, Avropa dillərində çap olunan kitablar, çəkilən filmlər və s. Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.
Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bildirdiyi kimi, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaq.
Bu gün 44 günlük Vətən müharibəsində Zəfər çalmış Azərbaycan Xocalı soyqırımının qisasını erməni faşistlərindən almışdır. Qisas qiyamətə qalmayıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər