PREZİDENT İLHAM ƏLİYEV: “Bəziləri bölgəmizdə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar”
Bu gün də istər yerli, istərsə də xarici mətbuatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı və səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr bir daha dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin uğurlu nəticəsi olduğunu yazırlar. Qeyd edirlər ki, bütün sahələrdə uğurlu nəticələr əldə edən Azərbaycan Prezidenti İlham Əliyev Münxen görüşləri də diplomatik meydanda növbəti siyasi qələbəsidir. Və müstəqil xarici siyasətə malik olan bir ölkənin lideri olaraq Azərbaycan Prezidenti Münxendə təcrübəyə əsaslanan peşəkar və qətiyyətli siyasi məharətini bir daha nümayiş etdirdi. Həmçinin, Cənab İlham Əliyevin bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunun təzahürüdür. Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə çatdırıb: "Biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar”. Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir".
DAXİLİ İŞLƏRİMİZƏ KƏNAR QÜVVƏLƏRİN QARIŞMASINA HEÇ VAXT İMKAN VERMƏMİŞİK VƏ İMKAN VERMƏYƏCƏYİK
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayıb: “Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır”. “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür”, - deyən Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyimizin tamamilə məntiqli olduğunu diqqətə çatdırıb: “Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır”. Prezident İlham Əliyev Ermənistanın baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildiyini və onun yenə də öz amplualarında qaldığını deyərək bildirib ki, Azərbaycanın isə mövqeyi birmənalıdır: “Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik", deyən dövlətimizin başçısı onu da bildirib ki, biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin: "Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar”.
AZƏRBAYCAN PREZİDENTİNİN MÜNXENDƏN NÖVBƏTİ MESAJI
Göründüyü kimi, “Bu gün Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur”, - deyən Prezident İlham Əliyev ona da aydınlıq gətirərək bildirmişdir: “Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
Prezident İlham Əliyevin Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Azərbaycan Prezidenti İlham Əliyev Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında bildirdi ki, artıq "Dağlıq Qarabağ" ifadəsi etibarlı deyil: “Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”.
Dövlətimizin başçısı, həmçinin Paşinyana mesajını da ünvanladı: “Mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”. Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduq: “Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq”. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün 1 milyon azərbaycanlının evsiz-eşiksiz qoyulması, 67 məsciddən 65-nin dağıdılması, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar bu torpağı murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər. Dövlətimizin başçısı onu da əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasını unutmaq lazım deyil.Bu yerdə erməni siyasətçi, «Erməni Milli Konqresi»nin sədr müavini Levon Zurabyan Paşinyanın Münhendəki boşboğazlığı haqda dediyini xatırlatmaq istərdim: “Münhen konfransında Paşinyanla İlham Əliyev arasında gedən debata dəhşətlə baxdım. Ermənistan liderlərinin Levon Ter-Petrosyandan başlayaraq Robert Köçəryana, Serj Sarkisyana və nəhayət Nikol Paşinyana qədər təkamülünü müşahidə etsəniz, Ermənistanın növbəti liderinin pitekantrop (Yava adasında yaşayan meymuna bənzər insan) olacağı fikrini rədd etmək çətindir”.
Levon Zurabyan onu da bildirib: “İlham Əliyev Ruben Vardanyan Qarabağı təmsil etdiyi müddətdə ermənilərlə danışıq aparmayacağını deyəndə Paşinyan susdu və Laçın dəhlizinin blokadasının olmamasını təkzib etmək üçün bircə tutarlı arqument gətirə bilmədi. Ancaq İlham Əliyevin Qarabağda 64 məscidin dağıdılması ilə bağlı açıqlamasına cavab vermək qərarına gələndə məlum oldu ki, kaş Paşinyan bu ittihama ümumiyyətlə cavab verməyəydi”. Göründüyü kimi, Qalib liderimiz, Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı. Onun cəsarətli çıxışı həm Paşinyana, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dünyanı aldatmaq siyasətini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistanın mövqelərinə endirilmiş sarsıdıcı zərbə oldu. Və bütün bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etməklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
RƏFİQƏ KAMALQIZI