1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edən erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamda 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Bu faciəyə siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidməti olmuşdur.1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda bir çox ölkələrdə Xocalı soyqırımı tanınmışdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlanmışdır. 44 gün davam edən döyüşlər Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və 30 il işğalda olan torpaqlarımız geri qaytarıldı. Bu Qələbə Xocalıda və digər ərazilərimizdə qətlə yetirilən minlərlə soydaşımızın qisası idi.
Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, Qarabağ münaqişəsi arxada qalmışdır. Mənfur düşmən artıq bilməlidir ki,indiki Azərbaycan Xocalı faciəsi dövründəki Azərbaycan deyildir. Mənfur düşməndən öz torpaqlarını azad edən və həmin ərazilərdə bərpa və yenidənqurma işləri aparan güclü bir dövlət vardır. O da ərazi bütövlüyünə qovuşmuş Müstəqil Azərbaycandır.
İndi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilir. Lakin hələ də mənfur düşmən 10 noyabr 2020-ci ildə imzalanmış 3 tərəfli müqavilənin şərtlərinə əməl etmir, Zəngəzur dəhlizinin açılmasına əngəllər törədir, sərhədlərin delimitasiya və demorkasiyasına, sülh müqaviləsinin bağlanmasına hər vəchlə mane olmağa çalışır.
Bir sıra beynəlxalq təşkilatların, eləcə də Fransa və İran kimi ermənipərəst dövlətlərin müdaxiləsi bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına imkan vermir.
Biz bu münasibəti yaxın günlərdə Almaniyada keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında da hiss etdik. Zaman-zaman Azərbaycanın ünvanına söylənən qərəzli və ikili standartlara söykənən fikirlərə bu iclasda da rast gəlindi. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tutarlı, faktlara əsaslanan arqumentləri bütün qərəzli yanaşmalara layiqli cavab oldu. Ermənistanın baş nazirinin qeyri- kontruktiv mövqeyi ifşa edildi. Paşinyanın növbəti hiyləgər cəhdi boşa çıxdı.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini