"Heydər Əliyev ili" və Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon Barlı ərazi partiya təşkilatında tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların, qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tədbiri açaraq, Ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən danışıb. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, erməni millətçilərinin xalqımıza qarşı yüz illər ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb.
Vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təklifi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra verilib. Tədbirdə Barlı kənd ərazi partiya təşkilatının sədri Nigar Məmmədli, Barlı kənd R.Əliyev adına tam orta məktəbin direktor müavini Ələmşah Bayramov, müəllim Gövhər Səfərova, kəndin ziyalısı Ənvər Heydərli çıxış edərək, vurğulayıblar ki, bu gün Ümummilli Lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Çıxış edənlər Xocalı qətliamının amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş soyqırım olduğunu bildiriblər.
Nəzakət Ələddinqızı