“Xankəndi-Laçın yolunda keçirilən aksiya öz müsbət nəticəsini verməkdədir. Baxmayaraq ki, xristian həmrəyliyində çıxış edən beynəlxalq güclər Azərbaycan könüllülərinin bu hərəkətini pisləməklə məşğuldurlar. Guya Azərbaycan Xankəndidəki erməniləri blokadaya alıb və guya onlar humanitar təhlükədədir. Amma Münxen Təhlükəsizlik Konfransında Cənab Prezidentin vurğuladığı kimi, burada söhbət blokadadan gedə bilməz”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Teyyub Qənioğlu bildirdi ki, erməniləri narahat edən odur ki, bu ərazilərdən silah daşınmasının qarşısı alınıb: “Qarabağda Azərbaycanın təbii sərvətlərini daşınmasının qarşısı alınıb və ermənilərin gəlir mənbələri kəsilib. Düşünürəm ki, artıq kifayət qədər beynəlxalq aləmdə də Azərbaycanın mövqeyi başa düşüləndir, baxmayaraq ki, erməni diasporu müəyyən səs-küy qaldırır. Bildiyiniz kimi, həm Amerikada, həm də Avropada güclü etməni diasporu var və onların maliyyəsi hesabına bəzi siyasətçilər və konqresmenlər Azərbaycanın əleyhinə əsassız fikirlər səsləndirirlər. Amma onların özləri də çox gözəl bilirlər ki, Azərbaycan burada haqlı tərəfdir. Azərbaycan öz ərazisində, öz təbii sərvətlərinin talanmasının qarşısını almaqda haqlıdır. Bir sözlə, onlar nə qədər çığır-bağır etsələr də heç bir dövlət, heç bir qurum və Avropa İttifaqı Azərbaycana qarşı hər hansısa sanksiyaların tətbiqini fikirləşmir. Ona görə də, Azərbaycan haqqında istənilən söylənilən fikirlərin heç bir perspektivi yoxdur”.
T.Qənioğlu qeyd etdi ki, aksiyanın yekunlaşması yalnız tələblər yerinə yetirildiyi halda mümkündür: “Bu gün Rusiyanın xarici işlər naziri Azərbaycana gələcək və yəqin ki, bu məsələdə diqqət mərkəzində olacaq. Çünki Rusiya da başa düşür ki, artıq Azərbaycanın haqlı tələblərinin qarşısını almaq mümkün deyil. Yəqin ki, bu aksiyanın sonunda hər halda ya Ermənistan Azərbaycan sərhədində nəzarət buraxılış məntəqəsi qurulacaq və yaxud da elə aksiyaçıların indiki yerləşdiyi ərazidə belə bir məntəqə qurula bilər. Hesab edirəm ki, artıq bu proses sona doğru getməkdədir və çox da uzun olmayacaq. Təxminən demək olar ki, bir-iki ay müddətində yəqin ki, bu məsələ öz həllini tapacaq. Çünki Azərbaycan haqlı mövqedədir və Azərbaycanın kifayət qədər dəstəkləyicisi var. Baxmayaraq ki, bütün xristian aləmi bir müddət Azərbaycanın əleyhinə qalxdılar, amma onlar da başa düşürlər ki, regionda söz sahibi Azərbaycandır və Azərbaycan haqlı tərəfdir. Ona görə də, onun əleyhinə hər hansı bir qərar qəbul etməyin heç bir perspektivi və mənası yoxdur. Bir sözlə, Xankəndi-Laçın yolunda keçirilən bu aksiyanın tezliklə müsbət nəticə ilə başa çatacağına ümid edirik”.
Gülyanə