Prezident İlham Əliyev:"Əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq"
Məcburi köçkün adı altında 30 ilə yaxın yaşamış vətəndaşlarımız artıq bu adın ağrı-acısı altında yaşamırlar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi, bu tarixi zəfərlə xalqımıza əvəzsiz qürur hissi yaşatmış oldu. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər bunu deməyə əsas verir. Bu Azərbaycanın gücünün göstəricisidir. Beynəlxalq hava limanlarının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir.
HƏRB MEYDANINDA SÖZÜNÜ DEYƏN AZƏRBAYCAN BU GÜN QURUCULUQ MEYDANINDA DA SÖZÜNÜ DEYİR
Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Qarşıya qoyulan Strateji prioritetlər sırasında "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılması da yer alıb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Əlbəttə ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin mövcudluğu işlərin sürətlə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. "Böyük Qayıdış Proqramı uğurla icra edilir. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq", - deyə Azərbaycan Prezidenti çıxışılarının birində bildirmişdir.
"HƏTTA HEÇ VAXT O YERLƏRİ GÖRMƏYƏN GƏNCLƏR, UŞAQLAR, MƏKTƏBLİLƏR BÖYÜK HƏVƏSLƏ AĞALIYA QAYIDIBLAR"
Bildiyimiz kimi, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi, Beynəlxalq hava limanlarının - Füzulidə Beynəlxalq hava limanının, Zəngilan Beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir.Artıq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlayıb. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idi. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü. İlkin mərhələdə köçürülən ailələr əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçildi.Artıq Ağalı kəndinə köçün növbəti mərhələsinə start verildi. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür. Onlardan 50 nəfərdən ibarət 10 ailə artıq 28 fevralda yola düşdü, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək. Bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. "Bu il Ağalı kəndində həyat artıq bərpa edilib, - deyə Prezident bildirib: "Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər".
Zümrüd BAYRAMOVA