PDF Oxu

Siyasət

  • 3 330

Dünya yeni düzəndə TƏHLİL

Dünya yeni düzəndə TƏHLİL

Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir"

Bu gün beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycan regionun lider dövləti kimi bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə, məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi.

REGİONDA APARICI AKTORA ÇEVRİLƏN AZƏRBAYCAN

Bu gün paytaxt Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü martın 2-də işə başladı. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın Vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.

Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu.

"Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq". Bu sözləri Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib: "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu".

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. "Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib. Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı". Gürcüstan – deyə dövlət başçısı diqqətə çatdırıb. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. "Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır", - deyə Prezident qeyd edib.

"YENİ DÜNYA DÜZƏNİ YENİDƏN FORMALAŞMAQDADIR"

Bildiyimiz kimi, bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı zamanda onun qarşısını almaq və yoluxma sayını minuma endirmək məqsədi ilə Azərbaycanda təxrəsalınmaz tədbirlər davamlı olaraq həyata keçirilməyə başlandı. Əlbəttə ki, ölkəmizdə pandemiya ciddi nəzarət altında saxlanıldığından Azərbaycan "COVID-19"-la mübarizədə qabaqcıl ölkələr sırasında yer aldı. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə geniş tədbirlər reallaşdı. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşıb və davam etməkdədir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Əlbəttə ki, Azərbaycan "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə ciddi səylər göstərərək qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı və Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etdi. Eləcə də dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim olundu. "Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik" – deyən Prezident qeyd edib ki, nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu:"Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib".

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atmış oldu. Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.

Əlbəttə ki, beynəlxalq ictimaiyyət və inkişaf etməkdə olan ölkələr COVID-19-dan sonra bərpa mərhələsindədir. Bu Sammit yalnız sağlamlıqla məhdudlaşmır, eyni zamanda, bəzi ölkələrin iqtisadi inkişafı ilə bağlı problemlərinin həlli istiqamətində rola malikdir.

Cənab Prezident İlham Əliyev çıxışında son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu da vurğulayıb: "Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir".

"BMT TƏHLÜKƏSİZLİK ŞURASI KEÇMİŞİ XATIRLADIR VƏ İNDİKİ REALLIĞI ƏKS ETDİRMİR"

Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatların olduğunu bildirən Cənab Prezident BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun: "Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Dünyada hökm sürən pandemiya "2030: Davamlı İnkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsirini göstərib və bu baxımdan 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. "Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik", - deyən Prezident bildirib ki, bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Odur ki, Cənab Prezident Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıb: "Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil".

"BİZ QOŞULMAMA HƏRƏKATINA ÜZV OLAN ÖLKƏLƏRİ BU TƏŞƏBBÜSÜ DƏSTƏKLƏMƏYƏ DƏVƏT EDİRİK"

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini qeyd edən dövlətimizi başçısı iki qlobal çağırışı bəyan edib: "Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər".

Azərbaycan 44 ünlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaratmış oldu. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olmasna baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. "BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır", - deyə bildirən Cənab Prezident onu da qeyd edib ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir: "Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm".

Bildiyimiz ki, Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib: "Mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm. Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər