PDF Oxu

Siyasət

  • 2 866

Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbayacan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin həyatında, ictimai-siyasi həyatında önəmli hadisədir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır։ "Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir".

Ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə bağlıdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabət qabililiyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi.

Beləliklə, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqdan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.
Əlbəttə ki, yeni milli çağırışlar da partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyada baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artıracaq ki, bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaradacaq.

Mühüm məsələlərdən biri budur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən bir sıra qərarlar partiyanın siyasi varislik prinsipinə sadiq olduğunu da növbəti dəfə göstərir. Ənənədir ki, partiyaya vaxtilə xidmət etmiş şəxslərin siyasi təcrübəsindən YAP-ın sıralarında birləşən gənc nəslin fəaliyyəti üçün mühüm nümunə kimi istifadə olunur. Bu isə, şübhəsiz ki, tarixi varislik prinsipinin qorunması ilə yanaş,
partiyamızın məqsədyönlü fəaliyyətin səmərəliyinin daha da artıran amillərdən biridir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiya ölkənin gələcəyi baxımından yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin prespektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin
gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu.

Toğrul Qafilzadə,

Masallı Rayon Yolağac kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
.

Digər xəbərlər