Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi . Əlbəttə, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının
qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması,
müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi.
Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər.
44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir örnək oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi. Ancaq bunun üçün milli gücün məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə lider amili ilə bağlıdır. Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.
İctimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsası qoyuldu
Mühüm məsələlərdən biri budur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən bir sıra qərarlar partiyamızın siyasi varislik prinsipinə sadiq olduğunu da növbəti dəfə göstərir. Ənənədir ki, partiyamıza vaxtilə xidmət etmiş şəxslərin siyasi təcrübəsindən YAP-ın sıralarında birləşən gənc nəslin fəaliyyəti üçün mühüm nümunə kimi istifadə olunur. Bu isə, şübhəsiz ki, tarixi varislik prinsipinin qorunması ilə yanaşı, partiyamızın məqsədyönlü fəaliyyətinin səmərəliliyini daha da artıran mühüm amillərdən biridir.
Dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev qeyd etdi ki, siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar: “Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər”.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi.
Nemət Abdullayev,
Masallı rayonu Banbaşı kənd Cavanşir
Qasımov adına tam orta məktəbi