“Fransa, tarixində belə dərs almamışdı... Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan! “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Qoşulma Hərəkatının sədri cənab İlham Əliyev Qoşulmama Hərəkatı üzvlərinin Bakı Zirvə Toplantısındakı çıxışında səsləndirdi. Vallah, qürur duyulmalı bir liderimiz var”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yüz illərdir ki, dünyada ən qanlı imperiyalardan birini yaradan, dünyanın hər tərəfində müstəmləkə siyasəti yürüdən, çox ölkələrin haqqında tənqid səsləndirməyə cəsarət etmədiyi Fransa haqqında, cəmi 30 illik müstəqillik tarixi olan bir ölkənin liderinin cəsarətlə bu fikirləri səsləndirməsi özlüyündə tarixi hadisədir: “Həm də təkcə bizim üçün yox, dünya üçün, 100 illərdir Fransanın müstəmləkə siyasətinin qurbanlarına çevrilmiş zavallı xalqlar, inildəməklə taleləri ilə barışmaq zorunda qalan dövlətlər üçün tarixi hadisədir. Bu gün öz problemini dünya gücləri ilə üz-üzə dayanaraq həll edən Azərbaycanın fateh lideri artıq dünyanın əzilən xalqlarına əl uzadır. Bunun nə qədər möhtəşəm bir missiya olduğunu dərk etmək üçün siyasətçi olmaq lazım deyil. Fransanın hələ də istilası altında qalan xalqların əvəzinə onların haqqını müdafiəyə qalxmaq, BMT kimi nüfuzlu qurumun fəaliyyətsizliyini, daha doğrusu bu qurumun Təhlükəsizlik Şurası üzvlərinin öz maraqları çərçivəsində fəaliyyət göstərməsini açıq şəkildə söyləyən və bu qurumda ciddi islahatlar aparılmasını tələb edən ikinci bir siyasi xadim varmı günümüzdə? Bir sözlə, cəsarətlə demək olar ki, bu gün labirintləşmiş dünyaya yeni düzən gətirilməkdədir və nə xoş ki, bu yeni düzənin quruculuğunda ən öndə gedən siyasi xadim bizim - Azərbaycanın lideridir... Qürurvericidir, deyilmi?”
GÜLYANƏ