Prezident İlham Əliyev: "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır"
Azərbaycan - milyonlarla insanın qəlbi bu ali məfhumla bir vurur, bir döyünür. Ərazisi, səhədləri bəlli olan müqəddəs məkan. Onun qoynunda yaşamaq, torpağının üstündə nəfəs almaq məsuliyyətdir. Hər qarışı qan qoxulayan, şəhid qanı ilə nəfəs alan torpaq üzərində dolaşmaq, işğalçılardan, təcavüzkarlardan qorumaq müqəddəs borcumuzdur, vətənə sədaqət andımızdır. Gənc oğullarımız vətənə xidmətə yollanarkən əsgər paltarında vətənə xidmət andı içirlər. Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içirlər. Bu and müqəddəs anddır. Bu andın yükü, çəkisi ölçüyü gəlməz. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan əsgəri mərdi-mərdanə vətən sərhədlərinin keşiyində dayanaraq, onu ayıq-sayıq qoruyur. Nəsil nəsili əvəzləyir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
"ELƏ ÖLKƏ YARATMIŞIQ Kİ, HƏR BİR VƏTƏNDAŞ BU ÖLKƏ İLƏ FƏXR EDƏ BİLƏR"
Bu günün Azərbaycan gənci milli vətənpərvərlik ruhunda tərbiyə edilən gənclikdir. Vətən torpağını düşmən tapdağından 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən gənclik Azərbaycan əsgərinin əzmini, ƏSGƏR adını şərəflə daşımasını təqsiqlədi. Hər bir Azərbaycan vətəndaşı maddi-mənəvi dəstəyi ilə onun yanında oldu. Bu münasibət vətən keşiyində dayanan ərən oğullarımıza mənəvi güc, dayaq oldu. Soyuq havada düşmənlə səngərdə üz-üzə dayanan oğullarmız qəhrəmanlıq tarixini yazdılar. Yaranan hər bir çətin şəraiti gözə alaraq vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları, qanları bahasına olsa belə qorudular. Bir azərbaycanlının içindən gələn vətən sevgisinin alovu, qığılcımı düşmənə oğullarmızın gücünü göstərdi. Bir nəfər olsun belə fərarimiz olmadı, əksinə ön cəbhədə vuruşan əsgərlərimizin yanında olmaq məqsədi ilə gönüllülərimiz səslərini ucaltdılar, Geriyə baxmadan, arxada qoyduqlarını düşünmədən yalnız torpağımızı azadlığa qovuşması yolunda "İRƏLİ" dedilər. "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. …elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq", - deyə Prezident bildirib.
"AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Azərbaycana, bu torpağa olan sevgi bu misralardan ələnir. Ələndikcə hər bir Azərbaycanlıya sevgi. Vətənə sevgisini aşılayır. Azərbaycan əsgəri vətəni qorumağı bacarır, çünki bu onun ruhunun hökmüdür. Qürurverici haldır ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşıb. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan əsgərə mənəvi cəhətdən dayaq, arxa oldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi milyonlarla insanlarda qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərdir. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi."
44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid oldu, 7 nəfər itkin düşdü. Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak etdilər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq, həmrəy olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı.
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-si dövlət başçısının məlum Sərəncamı ilə Anım Günü olaraq qeyd olunur.
GƏNCLƏRİMİZ VƏTƏNPƏRVƏR VƏ MÜBARİZ GƏNCLƏRDİR
Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Bu, Qarabağla, onun dirçəldilməsi ilə bağlı mənəvi məsuliyyətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.Əlbəttə ki, bu gün ölkəmizdə dövlət gənclər siyasətinin nəticəsi olaraq sağlam nəsil formalaşıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqını milli birliyə səsləyən azərbaycançılıq ideologiyası var və bu ideologiyanın əsasını ölkə vətəndaşlarının milli vətənpərvərliyi təşkil edir. Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqi gənc hərbi qulluqçularda milli mənlik şüurunun inkişaf etdirilməsi və hərbi vətənpərvərlik hisslərinin artırılması istiqamətində bir sıra təşkilati tədbirlər davamlı olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənc hərbi qulluqçularda vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərir. Vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.
Nəzakət ƏLƏDDİNQIZI