PDF Oxu

Siyasət

  • 2 318

Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir ŞƏRH

Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir ŞƏRH

Son illər Azərbaycan regionun aparıcı aktoru olmaqla yanaşı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etməklə dünyada nüfuzunu daha da artırmaqdadır. Azərbaycan dünya dövlətləri üçün etibarlı və mühüm tərəfdaşdır. Bu gün Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı əhəmiyyətli qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bunun ən parlaq nümunəsi dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatıdır. Üzv ölkələr arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan uğurla sədrlik edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizə olan etimadın göstəricisidir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi ilk 3 il koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdi və ölkəmiz Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi sayəsində sədrlik fəaliyyətini günün reallığı ilə uzlaşdırmağı bacardı. Pandemiya dövründə Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı bu qlobal problemin öhdəsindən gəlmək üçün dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 ilə mübarizəyə həsr edilən onlayn zirvə toplantısı keçirildi. Dünya ictimaiyyəti tərəfindən dəstəklənən bu mühüm təşəbbüs 2020-ci ilin dekabr ayında pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunan xüsusi sessiyanın uğurla baş tutması ilə nəticələndi. Xüsusi sessiyada 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi.

2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Nəticədə cari ilin martın 2-də ölkəmizdə postpandemiyaya həsr olunmuş Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Tədbirdə bir sıra QH ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçıları, digər rəsmilər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlərin müzakirə edilməsi idi.

Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirib ki, bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair iki qətnamənin təşəbbüskarı oldu. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə QH ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdiyini qeyd edən İlham Əliyev eyni zamanda Hərəkatın institusional inkişafına da güclü dəstək göstərildiyini, 2022-ci ilin iyun ayında Bakıda Hərəkatın Parlament Şəbəkəsinin ilk iclasının keçirildiyini, həmin ilin iyul ayında Şuşa Razılaşması əsasında Hərəkatın Gənclər Təşkilatının yaradıldığını bildirib.

Son bir neçə onillikdə beynəlxalq təhlükəsizliyin köklü dəyişikliklərlə üzləşməsi, beynəlxalq hüququn işləməməsi, aparıcı beynəlxalq təşkilatların qərarlarının icra olunmaması və ya selektiv yanaşma və ikili standartların tətbiq olunması, Şərq-Qərb ziddiyyətlərinin artması, “Soyuq müharibə” mentalitetinin hökm sürdüyü yeni dünya düzənində Qoşulmama Hərəkatı daha səmərəli rol oynamalı, yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir.

Çıxışı zamanı Prezident İlham Əliyev mühüm bir məsələyə toxundu: “Qoşulamama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”

Su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olan iqlim dəyişikliyinin təsirinə daha həssas olan Afrika və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün çağırış edən dövlət başçısı bu təşəbbüsün QH üzv olan ölkələr və beynəlxalq ictimaiyyətin digər üzvləri tərəfindən dəstəklənəcəyinə inandığını söyləyib.

Bir çox məqamlarla yanaşı Prezident İlham Əliyev ölkəmiz üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı inkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir və QH üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edir. Eyni zamanda QH üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq bu təşəbbüsü qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib.

Beləliklə, bu sammit Qoşulmama Hərəkatının sədri, ölkə prezidenti İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi 2023-cü ilin sonuna kimi uzadılıb. Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər