2021-ci ildə Belqrad şəhərində Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, pandemiyadan sonrakı dövrü müzakirə etmək üçün Qoşulmama Hərəkatı ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsini təklif etmişdir. Bu təklifə uyğun olaraq, cari ilin martın 2-də Bakıda COVID-19-la mübarizə üzrə Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşü keçirilib. Tədbirdə bir sıra Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət olunmuş ölkələrin dövlət və hökumət başçıları, digər rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi post-pandemiya dövrüdə aktual olan mühüm məsələləri müzakirə etmək, o cümlədən təkcə pandemiya məsələsinə deyil, daha çox pandemiyadan sonrakı dünyanın problemlərinə aid idi. Hazırda yeni dünya nizamı formalaşır. Bu kontekstdə beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn iflasa uğraması, beynəlxalq təşkilatların səmərəsizliyi, Şərqlə Qərb arasında artan ziddiyyətlər, Qoşulmama Hərəkatı ölkələrinin yeni dünya düzənində yerinin müəyyən edilməsi əsas müzakirə mövzuları oldu. Forumun bütün iştirakçılarına dərin hörmət və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə Görüşündə birinci çıxış edərək, forumun bütün iştirakçıları səmimi salamlamaqla başladı. Prezident daha sonra beynəlxalq hüquqa hörmətlə bağlı çağırışlarla, mühüm qlobal problemlərə toxunaraq, dünyada baş verən bir sıra vacib proseslərin aktuallığından danışdı. Azərbaycan xalqının Liderinin mənalı və düşünülmüş nitqi hər kəsdə ciddi müsbət təəssürat yaratdı. Bütün dünya ictimaiyyətinin diqqətinin bu foruma yönəldiyini nəzərə alsaq, cənab Prezidentin çıxışını qürur və heyranlıq hissi ilə qeyd etmək olar.
Dövlətlərarası münasibətlər sistemində ənənəvi aktor hesab edilən milli dövlətlərlə yanaşı, beynəlxalq təşkilatların da rolu getdikcə genişlənir. Hazırda beynəlxalq təşkilatlar mürəkkəb sistem formalaşdıraraq dövlətlərarası münasibətlərdə, xüsusən də dünyada baş verən siyasi proseslərdə xüsusi rol oynayırlar. Onların beynəlxalq həyata mühüm və həlledici təsiri var ki, bu da müxtəlif tarixi mərhələlərdən keçmiş bu münasibətlərin bu gün institutlaşmasında, dövlətlərarası qarşılıqlı əlaqələrin və əməkdaşlığın qurulmasında ciddi amilə çevrilib. Müasir dünyada baş verən ictimai-siyasi, iqtisadi və mədəni proseslərdə, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmlənməsində beynəlxalq təşkilatlar mühüm rol oynayır. Onların yaradılması tarixi reallığın tələbləri ilə diktə olunur və qlobal məsələlərin, dövlətlərarası münasibətlərin beynəlxalq səviyyədə tənzimlənməsinə böyük təsir göstərir.
Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin həllində xarici siyasət fəaliyyətinin rolu kəskin şəkildə artmış və həlledici əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafıdır.
Qoşulmama Hərəkatı Soyuq Müharibə qarşıdurması kontekstində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək üçün 1961-ci ilin sentyabrında Belqrad Konfransında rəsmi olaraq 25 dövlət tərəfindən yaradılmışdır. Qoşulmama Hərəkatının yaradılmasından əvvəl 1955-ci ildə Bandunq konfransı keçirilib. Hərəkat yarandıqdan sonra ilk üç onillikdə müstəmləkəsizləşdirmə, yeni müstəqil dövlətlərin formalaşması, beynəlxalq münasibətlərin demokratikləşməsi proseslərinin təşviqində mühüm rol oynamışdır. Bu günə qədər Qoşulmama Hərəkatının 120 üzvü və ya Birləşmiş Millətlər Təşkilatının 60 faizi var. Qoşulmama Hərəkatında müşahidəçi statusu 17 ştat və 10 təşkilata verilib. Qoşulmama Hərəkatı beynəlxalq arenada inkişaf etməkdə olan ölkələrə qarşı birtərəfli yanaşmalara və hərəkətlərə qarşı çıxan siyasi birlik mövqeyini tutmağa çalışır. Qoşulmama Hərəkatı öz işini 10 Bandunq prinsipi əsasında qurur, o cümlədən: bütün dövlətlərin suverenliyinə, bərabərliyinə və ərazi bütövlüyünə hörmət; hökumətlərin konstitusiyaya zidd olaraq dəyişdirilməsi imkanlarının, habelə hakimiyyət rejimini dəyişdirmək üçün kənar cəhdlərin rədd edilməsi; hər bir dövlət üçün onun siyasi, sosial, iqtisadi və mədəni sistemini sərbəst, kənar müdaxilə olmadan müəyyən etmək üçün ayrılmaz hüququnun qorunması; təcavüzdən və birbaşa və ya dolayı yolla güc tətbiqindən imtina; birtərəfli iqtisadi, siyasi və ya hərbi tədbirlərdən istifadə etməmək.
Bu gün Qoşulmama Hərəkatı öz sıralarında ən çox dövləti birləşdirən BMT-dən sonra ikinci siyasi platformadır. Milli maraqlara əsaslanan uğurlu strateji kursu həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Qeyd edək ki, hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilən sammitində 2019-2022-ci illər üçün strukturda sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçib. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə başa çatmalı idi, lakin üzv dövlətlərin yekdil rəyi ilə bu müddət 2023-cü ilə qədər uzadılıb. Xüsusilə, Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən bu Hərəkatda sədrliyin daha bir il uzadılması xahişi ilə ölkəmizə müraciət göndərilməsi respublikamız tərəfindən müsbət qiymətləndirilib.
Azərbaycan sədrliyi dövründə üzv dövlətlər arasında əməkdaşlığı koordinasiya etmək, çoxtərəfli yanaşma və beynəlxalq əməkdaşlıq dəyərlərini gücləndirmək üçün bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycanın sədrliyinin birinci ili (2020-ci il) koronavirus pandemiyasının başlandığı vaxta təsadüf edib. Bakı, böhranın iqtisadi nəticələrinə qarşı mübarizədə, təşkilata üzv ölkələrin birləşməsi üçün çoxlu səylər göstərib. Bakının təşəbbüsü ilə 2020-ci il mayın 4-də təşkilatın tarixində ilk dəfə olaraq 45-dən çox üzv dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi Qoşulmama Hərəkatının növbədən kənar onlayn sammiti keçirilib. Azərbaycanın, Qoşulmama Hərəkatının sədri kimi əsas məqsədlərindən biri Qoşulmama Hərəkatının institusional inkişafı üçün zəmin hazırlamaqdır. Bakı bu istiqamətdə bir sıra uğurlu təşəbbüslər irəli sürüb. Parlament şəbəkəsinin fəaliyyətə başlaması və Qoşulmama Hərəkatının gənclər sammiti bu istiqamətdə mühüm addım oldu. Qoşulmama Hərəkatının 61 illik tarixində ilk dəfə olaraq Şuşada keçirilən Qoşulmama Hərəkatının Gənclər Zirvə Toplantısı çərçivəsində iştirakçı ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Tarixə Şuşa Sazişi kimi düşmüş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması haqqında sənədin qəbulu ilə, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın adı tarixə növbəti dəfə həkk olundu. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək. Qoşulmama Hərəkatının Gənclər Təşkilatının nizamnaməsi, təşkilatın loqosu və bayrağı təsdiq edilib. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin gənclər nümayəndələrinə mövcud çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi və dövlətlərinin birgə cavab tədbirləri ilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.
2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi prosesində Azərbaycanı dəstəkləyən ölkələr sırasında Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər xüsusi yer tutmuşdur. Təbii ki, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, cənab İlham Əliyevin dərindən düşünülmüş strateji diplomatik siyasətinin nəticəsi idi. Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm, sülh, sabitlik və təhlükəsizlik dəyərlərinə, beynəlxalq həmrəylik və mühüm məsələlərdə əməkdaşlığa böyük önəm verdiyini nümayiş etdirdi.
44 günlük Vətən Müharibəsi zamanı Qoşulmama Hərəkatının Azərbaycana ciddi beynəlxalq dəstəyi və həmrəyliyini qeyd etmək lazımdır. 2020-ci ilin oktyabrında Qarabağda gedən müharibə zamanı Fransanın BMT-nin bəyanatı layihəsini qəbul etmək cəhdi uğursuzluqla nəticələndi. Həmin bəyanatda BMT Təhlükəsizlik Şurasının Qarabağın işğalı ilə bağlı dörd tanınmış qətnaməsinə istinad edilməmişdir. Qoşulmama Hərəkatının iştirakçıları təklif olunan sənəd layihəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadların olmasını tələb etməklə öz prinsipial mövqelərini nümayiş etdirmişlər. Qoşulmama Hərəkatının israrlılığı nəticəsində bəyanat layihəsi geri götürülmüdür.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanıb və hazırda öz qüvvəsi hesabına işğaldan azad edilmiş ərazilərini bərpa edir. Bütün bunların çoxlu vaxt, enerji, maliyyə və insan resursları tələb etməsinə baxmayaraq, Azərbaycan təkcə daxili problemləri ilə kifayətlənmir, qlobal problemlərə çevik reaksiya verir, təşəbbüslər irəli sürür və postpandemiya dövründə də öz mövqeyini qoruyub saxlayır. Qoşulmama Hərəkatının beynəlxalq aktor kimi güclü tərəflərini nəzərə alaraq, onu da nəzərə almaq lazımdır ki, qoşulmayan dövlətlər qlobal miqyasda mühüm siyasi tədbirlər zamanı qərarların qəbul edilməsinə ciddi təsir göstərmək üçün kifayət qədər potensiala malikdirlər. Bu sammit də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin daha bir bariz göstəricisidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatı təşkilatın fəaliyyətinə mühüm töhfə verir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü