PDF Oxu

Siyasət

  • 1 797

Beynəlxalq təşkilatlarda Azərbaycanın artan rolu ŞƏRH

Beynəlxalq təşkilatlarda Azərbaycanın artan rolu ŞƏRH

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın paytaxtı Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün rəsmi açılış hissəsinə sədrlik edib. Azərbaycan Prezidentinin çıxışı üzv dövlətlərin dövlət xadimləri tərəfindən böyük maraqla dinlənilib. Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Dövlət başçısı bildirib ki, Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Eyni zamanda, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığından danışaraq, bir sıra təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, Qoşulmama Hərəkatının təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, Qoşulmama Hərəkatının üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanıb.

Beynəlxalq aləmdə baş verən prosesləri analiz etsək anlayarıq ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Eyni zamanda , 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 12 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.

Budəfəki Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda, Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.

Azərbaycanın bu təşkilatın tərkibində olmağı ölkəyə bir çox uğurlar və perspektivlər açdı. Belə ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, üzv dövlətlər üçün aktual mövzuların həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər