PDF Oxu

Siyasət

  • 1 847

Ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir ŞƏRH

Ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir ŞƏRH

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün dövlətlərlə yüksək səviyyədə əməkdaşlıq qurmağa, bu münasibətləri inkişaf etdirməyə istiqamətlənmiş xarici siyasət kursu həyata keçirir. Dövlət başçımızın sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun davam etdirdiyi düşünülmüş, mükəmməl siyasətin nəticəsidir ki, Azərbaycan dünyada bir çox vacib qərarların qəbul olunmasında və icrasında yaxından iştirak edir.

Bildiyimiz kimi, ölkəmiz 120 dövlətin üzv olduğu beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuş, 2019-2022-ci illər üzrə Sədrlik Azərbaycan Respublikasına keçmişdir. Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, üzv dövlətlər tərəfindən ölkəmizin sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. Bu, bir reallıqdır ki, məhz Azərbaycanın sədrliyi dövründə Hərəkat özünün ən uğurlu dövrünü yaşayır.

Məlum olduğu kimi, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Dövlətimizin başçısı çıxış edərək bir daha Azərbaycan həqiqətlərini, beynəlxalq aləmdə baş verən mövcud reallıqları, eyni zamanda Azərbaycanın Hərəkata Sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüsləri, görülən işləri diqqətə çatdırdı.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq məqsəd ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu qeyd etdi və bildirdi ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

Dövlətimizin başçısı çıxışı zamanı Hərəkatın sədri olaraq bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi qiymətləndirdiklərini və nəticə etibarı ilə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olduğunu xatırlatdı.

Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Eyni zamanda, cənab İlham Əliyev ölkəmizin əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdiyini bildirdi.

“Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir” - deyən dövlətimizin başçısı 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdiyini bildirdi.

İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını, bütün mədəni və dini abidələr talan və qarət edildiyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparılması haqqında da ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycan hökuməti yenidənqurma işlərinə 2021-2022-ci illərdə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib.

Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qoşulmama Hərəkatı olaraq biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır deyən cənab İlham Əliyev bir daha xatırlatdı ki, ikinci Qarabağ müharibəsindən sonra 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Bilindiyi kimi, Azərbaycan da daxil olmaqla Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Məhz bunları nəzərə alaraq, dövlətimizin başçısı olduqca vacib olan Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürdü.

Beləliklə, cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, bu Zirvə görüşü mövcud reallıqların beynəlxalq aləmə çatdırılması baxımından da mühüm rol oynadı.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər