PDF Oxu

Siyasət

  • 2 355

Böyük rejissorun teatr məktəbi TƏHLİL

Böyük rejissorun teatr məktəbi TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Tofiq Kazımovun 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə dayanır. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun demokratikləşməsinə, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqlarının köklü şəkildə modernləşdirilməsi və yenidən qurulması dövlətimiz tərəfindən mədəniyyətimizə, incsənətimizə ayrılan qayğının nümunəsidir.

Azərbaycan mədəniyyətinin böyük simaları kimi tanıdığımız, milli mədəniyyət və incəsənətəmizə töhfələr verərək, sənət tariximizdə əbədiyyətə qovuşanların yaradıcılıq irsi də zaman məsafəsində yüksək qiymətləndirilir. Milli mədəniyyətimizə göstərilən diqqətin nəticəsi olaraq onların sənət qalereyası nəsildən-nəsilə ötürülür. Belə sənətkarlardan biri olan Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin bu sahədə əməyi olan insanlara olan münasibətinin təzahürüdür. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 ili tamam olur. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması məhz Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətlərinin - "Nicat", "Səfa" teatr truppalarının rəhbərlərindən biri olub. Belə bir yaradıcı mühitdə dünyaya göz açan T.Kazımov orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır.

Azərbaycan teatrının inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısının imzaladığı Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.

Böyük sənətkarın yaradıcılıq irsini nəzərdən keçirərkən görürük ki, istedadlı sənətkar bu sənətin qapılarını açmaq üçün böyük bir sənət məktəbinə yiyələnmişdir. Belə ki, 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirən sənətkar İkinci dünya müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə geri qayıdır və Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını məharətlə oynayır. 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alır. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayır. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" pyesinə səhnə quruluşu verir. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilir. Elə həmin il Akademik teatra rejissor götürülür. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunur.

Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar" operettasına quruluş verir. Naxçıvan teatrında Məmmədəli Tarverdiyevin "Kölgəli dağ", Quba teatrında Rza Şahvələdin "Qız qalası", Şıxəli Qurbanovun "Əcəb işə düşdük", Gəncə teatrında Altay Məmmədovun "Yadındamı" dramlarına quruluş verib. Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev, İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.

Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin "Ölülər", Şıxəli Qurbanovun "Sənsiz", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Branislav Nuşiçin "Nazirin xanımı", Sabit Rəhmanın "Yalan", "Küləklər", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra"və digər pyesləri tamaşaya hazırlayıb. Tofiq Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb edib. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynayıb.

Milli rejissor sənətimizin korifeylərindən olan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci ildə avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər