PDF Oxu

Siyasət

  • 3 169

Azərbaycan xanımı ictimai-siyasi, mədəni və iqtisadi həyatın fəal iştirakçısıdır ŞƏRH

Azərbaycan xanımı ictimai-siyasi, mədəni və iqtisadi həyatın fəal iştirakçısıdır ŞƏRH

Hər il olduğu kimi, bu il də 8 mart Beynəlxalq Qadınlar günü müxtəlif ölkələrdə, eləcə də respublikamzda təntənəli şəkildə qeyd olunur. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabər hüququ təsdiq edilib.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

14 yanvar 1998-ci ildə Dahi lider Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Həmin Komitənin yaradılmasında məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. Daha sonra 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanıb. Fərmanda qadınların inkişaf, tərəqqi dövrünə qədər keçidiyi gərgin mübarizə yoluna nəzər salınmışdır. Fərmanda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. 2000-ci il tarixində Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il tarixli sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramına daxildir: Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” konvensiya; “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiya; “Analığın mühafizəsi haqqında” konvensiya; “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” konvensiya; “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiya.

Qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan xanımı ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycan qadınının elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə və digər peşələrdə qazandığı nailiyyətlərin çox böyük potensiala malik olduğu təsdiq edilmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində rolunu gücləndirir.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər