Abutalıb Səmədov: “Antiterror əməliyyatları sonuncu terroristin zərərsizləşdirilməsinə qədər davam edəcək”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun “Səs” qəzetinə müsahibəsi
- Abutalıb müəllim, martın 5-də Xankəndi istiqamətində ermənilərin törətdiyi təxribat hansısa kənar qüvvələrin planlaşdırdığı bir plan ola bilərmi?
- Ermənistan ərazisindən Qarabağa silah-sursat daşınması yeni hadisə deyil. Uzun illərdir bu proses davam edir. Təəssüf ki, nə beynəlxalq qurumlar, nə də 10 noyabr razılaşması əsasında bölgədə yerləşən rus hərbçiləri bu halların qarşısını almaq üçün heç bir addım atmırlar. Bu fəaliyyətsizliyi nəzərə alan ordu hissələrimiz belə bir əməliyyat keçirmək məcburiyyətində qalıblar. Məqsəd Azərbaycan ərazisindəki Ermənistan hərbçilərini müəyyən edib ərazimizdən çıxarmaq, Qarabağdakı terrorçu dəstələri tərksilah etmək və ölkəmizin ərazisinə qanunsuz silah-sursat keçirməyin qarşısını almaqdır. Xarici qüvvələr Qarabağdakı silahlı dəstələrə daim yardımlar ediblər və etməkdə davam edirlər. Bu baxımdan ermənilərin törətdiyi hər bir təxribatda, hər bir qanunsuz hərəkətdə dolayı yolla da olsa xarici qüvvələrin iştirakı danılmazdır.
- Azərbaycan suveren ərazilərində keçirdiyi əməliyyat davam edə bilərmi?
- Azərbaycan suveren ərazilərində silahlı terror dəstələrinin ləğv edilməsi, respublikamızın hər hansı hissəsinə qanunsuz silah-sursat daşınmasının qarşısının alınması üçün antiterror əməliyyatları keçirmək hüququna malikdir. Martın 5-də belə əməliyyatlardan biri keçirildi. Ermənilər bu hadisədən düzgün nəticə çıxarmasalar, antiterror əməliyyatları bundan sonra daha geniş miqyasda keçiriləcək və Qarabağda sonuncu terroristin zərərsizləşdirilməsinə qədər davam edəcək.
- Rus sülhməramlılarının məsuliyyət zonasında baş verən erməni təxribatı onu deməyə əsas ola bilərmi ki, o təxribatlardan rus sülhməramlılarının komandanlığı əvvəlcədən məlumatlı olub?
- Qarabağda qanunsuz silahlı dəstələrin mövcudluğu və Ermənistan ərazisindən bölgəyə silah-sursat daşınması halları rus sülhməramlılarına yaxşı məlumdur. Bu barədə Rusiya rəhbərliyinə də dəfələrlə məlumat verilib. Bu səbəbdən rus sülhməramlılarının rəhbərliyi ermənilərin hər bir hərəkətlərindən kifayət qədər məlumatlıdır. Təəssüf ki, nə onlar, nə də Rusiya-Türkiyə birgə monitorinq mərkəzi bu qanunsuzluqlara zəruri reaksiya vermək istəmirlər. Bunun nəticəsidir ki, bölgədən hələ də Ermənistan hərbi qüvvələri çıxarılmayıb, qanunsuz silah-sursat daşınması hələ də davam edir. Bu şəraitdə ordumuzun işə müdaxilə etməkdən başqa yolu qalmır və bu səbəbdən antiterror əməliyyatları bundan sonra da davam etdirilməlidir.
- Ermənistan hər vəchlə sülhə hazır olduğunu bildirir. Amma davamlı şəkildə təxribatlar törədir. Bu, onu deməyə əsas ola bilərmi ki, Ermənistan və onun rəhbərliyi həqiqətən də erməni təfəkkürü ilə çıxış edir?
- Ermənistan rəhbərliyi hər dəfə tezliklə “sülh sazişi” imzalamaq istəyində olduğunu bildirir və eyni zamanda prosesi “düyünə salmaq” üçün əlindən gələni edir. Artıq imzalanmağa demək olar ki, hazır olan sülh sazişinə təxribat xarakterli müxtəlif təkliflər irəli sürmək bu məqsədə xidmət edir. Sıradan çıxdığı hamı tərəfindən etiraf edilən Minsk qrupunu danışıqlar prosesinə cəlb etmək, sazişdə Qarabağ məsələsini də qeyd etmək, şəffaf beynəlxalq mexanizmləri danışıqlara qoşmaq, silahsızlaşdırılmış zonalar yaratmaq kimi təkliflər sülh sazişinin imzalanmasını ləngitməkdə davam edir. Səbəb aydındır: N.Paşinyan sənədin imzalanmasının onun hakimiyyətinin sonunu gətirəcəyindən qorxur və mümkün qədər imzalanmanı ləngitmək istəyir. Ancaq nə qədər çalışsa da məqsədinə nail ola bilməyək. Çünki dünya güc mərkəzləri yaranmış münbit şəraitdən faydalanıb sülh müqaviləsinin imzalanmasına nail olmaq istəyirlər. Bu səbəbdən, çox güman ki, 2023-cü il “sülh sazişi”nin imzalandığı il kimi tarixdə qalacaq.
GÜLYANƏ