Hər il qeyd olunan, Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram - 8 mart Beynəlxalq Qadınlar Günü. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Azərbaycanda ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınlarımız dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Azərbaycan xalqının təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ölkəmizdə tarix boyu qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Qeyd edək ki, müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır. Azərbaycanda dövlət - qadın siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ümummilli lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ulu öndər Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Bu gün həm də Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş oğullarımızın anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının bayramıdır. Azərbaycan qadını artıq beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Ona görə ki, onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Daim üzünüz gülsün, əziz xanımlar!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya
təşkilatının sədr müavini