Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də, indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Qabaxlar yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndərin imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq mühüm işlər görülmüşdür. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır. Ölkəmizdə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, respublikamızın inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir. Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. 8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar.Q adınlar xarakter baxımından bir-birinə bənzəməz: zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – ana adı! Qadınlar fərqli olsalar da analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən analar, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız!
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.” 8 mart günü təkcə yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar!
Bayramınız mübarək!
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri