PDF Oxu

Siyasət

  • 5 543

Qadınlar ən yüksək qiymətə layiqdirlər ŞƏRH

Qadınlar ən yüksək qiymətə layiqdirlər ŞƏRH

Azərbaycanda dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadınlara böyük diqqət və qayğı göstərmiş, qadın məsələsinə hər zaman yüksək həssaslıqla yanaşmışdır. Ulu öndər Azərbaycan qadınlarının ictimai-siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər bir daha onu təsdiq edir ki, respublikada qadınların təhsil, mədəniyyət, səhiyyə, idarəetmə, iqtisadiyyat və digər sahələrdə təmsil olunması əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.

“Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar” deyən ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarına nə qədər dəyər verdiyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətinin sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Ölkə idmanının inkişafına böyük töhfə verirlər.

Bu gün Azərbaycan ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir. Azərbaycan qadınları Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intelektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Ölkəmizdə 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Prezident cənab İlham Əliyev hər il bayram günü ərəfəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Azərbaycan qadınları fəxri adlar alır, orden və medallarla təltif edilirlər. Bütün bunlar bir daha onu nümayiş etdirir ki, Dövlətimizin başçısı qadınlara xüsusi olaraq diqqət göstərir, onların əvəzolunmaz fəaliyyətini yüksək qiymətləndirir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər