“44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbə regionda geosiyasi reallıqların dəyişməsinə səbəb olmuşdur. Bu reallıqlar bölgədə geosiyasi nüfuz dairəsi uğrunda bəlli güc mərkəzləri arasındakı münasibətlərə də ciddi sirayət etmişdir”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Qarabağ bölgəsinə tərəflərin razılığı ilə yerləşdirilən Rusiyanın sülhməramlı kontingentin sayı təbii ki, Qərbi məmnun etməmişdir: “Cənubi Qafqaza Yaxın Şərq və Mərkəzi Asiyaya çıxış və logistika imkanları olan bölgə kimi yanaşan Qərb təbii ki, Ukraynada Qərb və Rusiya arasında yaşanan hərbi, siyasi, geopolitik qarşıdurmanın Rusiya üçün yaratdığı "diskomfortdan" istifadə etmək üçün hər vasitə ilə təmsil olunduğumuz bölgədə qarşıdurmanı gücləndirməyə çalışır. Bu proseslərdə Ermənistan iqtidarı Qərb üçün ötürücü qayış rolunda çıxış edir. Paşinyan sülh "göyərçini" rolunda çıxış etməyə çalışır, gerçəkdə isə Qərbin dəstəyi və göstərişi ilə Rusiyanı münaqişə tərəfləri arasındakı danışıqlarda moderator rolundan uzaqlaşdırmağa, onun bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına hesablanmış addımlar atır. AB təmsilçilərinin Ermənistan sərhədlərinə atəşkəs şərtlərinə monitorinqin keçirilməsi adi ilə dəvət olunması perspektivdə Rusiyanın proseslərdən uzaqlaşdırılmasına xidmət rakursunda həyata keçirilir. Bu məqsədlə Qarabağdakı separatçı qüvvələr oyuna çəkilir, onların vasitəsilə təxribatlar həyata keçirilir. Təxribatların keçirilməsində isə məqsəd ilk növbədə danışıqlar formatını dəyişmək, rəsmi Bakını cavab verməyə sövq etməklə danışıqların pozulmasına görə məsuliyyəti onun üzərinə yıxmaqdır, Hazırda rəsmi Bakının Qarabağdakı erməni icmasının təmsilçiləri ilə danışıqlara belə getməsi Paşinyan iqtidarının Qərbdəki havadarlarının əlindən kart blanşın alınması anlamında qəbul olunur. Buna görə məhz separatçıların təxribat törətməsi ilə bağlı yalan informasiyalar mediaya ötürülür. Halbuki Qarabağa Ermənistandan humanitar yardım adi altında Laçın dəhlizi ilə məhz İrəvanın göndərdiyi maşın karvanlarında silah sursat aşkar edilib, maraqlıdır ki, bu silahlar eynilə Qərb tərəfdən Ukraynaya göndərilən silahların analoqlarıdırlar, silahlar isə dəhlizdəki Azərbaycan ekofəallarının hadisələrə müdaxiləsi nəticəsində aşkar olunub, silahlar Qərb informasiya vasitələrinin yayımladığı kimi Rusiyaya məxsus olsaydı, Rusiya sülhməramlıları sağlam məntiqlə burada ekofəallar tərəfindən təftişin keçirilməsi cəhdlərinin qarşısını bu və ya digər şəkildə alardılar, lakin Rusiya sülhməramlılarının nəinki ekofəallara mane olmaması, əksinə təftişin keçirilməsi üçün kənarda durmaları və dolayısı yolla şərait yaratmaları görünür tərəflər arasında güclənməkdə olan informasiya müharibəsinin də tələblərindən irəli gəlib, Rusiya bununla əvvəla, Azərbaycanda Qərbin bu proseslərdəki gerçək niyyətlərinə aydınlıq gətirməyə çalışır, digər tərəfdən məhz bu hadisələrdən sonra Azərbaycan tərəfi Rusiyadan Laçın dəhlizində buraxılış, polis nəzarət məntəqələrinin gücləndirilməsini, Azərbaycanın bu proseslərdə iştirakı tələbini qoyacaq, bu isə Kremlə rəsmi Bakı ilə münasibətlərdə etibarlı əməkdaş imicini bir daha möhkəmləndirməyə, Paşinyanın isə Moskvadan olan narazılığının artmasına gətirib çıxaracaq”.
E.Manafov onu da bildirdi ki, bu narazılıq Kremlə Ermənistan siyasi istibleşmentində hələlik Qərbin xeyrinə olan qüvvələr nisbətini dəyişmək uçun şərait yaratmalıdır, Paşinyanın Qərb maraqlarının təmsilçisi kimi atdığı addımlar artıq Rusiyanı onu Rusiyaya loyal ola biləcək siyasətçi ilə dəyişməyə sövq edə bilər. İndiki şəraitdə isə bölgə dövlətlərinin liderləri Nikolun nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı qeyri müəyyən mövqeyindən narazıdırlar, onun AB təmsilçilərini guya ki, monitorinq adi ilə münaqişə bölgəsinə dəvət etməsi isə hətta rəsmi Tehranı da narazı salmışdır, zira bu hadisəyə Tehranda NATO desantının bölgəyə çıxarılması konteksində yanaşmışlar”.
GÜLYANƏ