PDF Oxu

Siyasət

  • 2 394

Bakı Forumu - mövcud reallıqlar və yeni yanaşmalar TƏHLİL

Bakı Forumu - mövcud reallıqlar və yeni yanaşmalar TƏHLİL

Prezident İlham Əliyev: "Hər münaqişənin öz tarixi, dinamikası və sonu var"

Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Paytaxtımızda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumları müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirməkdədir.

"DÜNYA BU GÜN: ÇAĞIRIŞLAR VƏ ÜMİDLƏR"

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilib. Əlbəttə ki, forumlarda müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həlli yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən forum dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanın ümumi çağırışları müzakirə olunur. Əlbəttə ki, bu gün də belədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. "İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Cənab Prezident qeyd edib ki, Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir. Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq.

"BİZ QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİMİZ BAŞA ÇATDIQDAN SONRA DA ÖZ İŞİMİZİ DAVAM ETDİRƏCƏYİK"

Cənab Prezident çıxışında Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başladığını və ölkəmizin sədrliyinin 2023-cü ilədək uzadıldığını xatırladaraq "Biz Qoşulmama Hərəkatına yenidən canlandırma gətirdik. Əfsuslar olsun ki, müəyyən dövrlərdə bir qədər passivlik var idi. Bu baxımdan biz üç sammit – beynəlxalq tədbir təşkil etdik", - deyə bildirib. Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşayır. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Bildiyimiz kimi, bir neçə gün əvvəl martın 2-də paytaxt Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Dövlət başçımız Forumda çıxışında "Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz, həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik" – deyə bildirib. Cənab Prezident Azərbaycanın virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən, 10 milyon dollar yardım göstərdiyini də dəqqətə çəkib.

"Biz Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da öz işimizi davam etdirəcəyik"– deyən Cənab İlham Əliyev bölünmüş dünyada bu kimi fəaliyyətlərin çox zəruri olduğunun qeyd edib: "Çünki biz Qərb ilə Şərq arasında "Soyuq müharibə"dən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır".

"ÖLKƏLƏR ARASINDAKI MÜBAHİSƏLƏR BEYNƏLXALQ HÜQUQ - ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SUVERENLİK PRİNSİPİ ƏSASINDA HƏLL OLUNMALIDIR"

Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir. "Hər münaqişənin öz tarixi, dinamikası və sonu var.Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır" – deyən dövlətimizin başçısı qeyd edib ki, "bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik".

Bildiyimiz ki, Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Cənab Prezident bildirib ki, indi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər: "Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar".

Xatırladaq ki, Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Martın 11-dək davam edəcək. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər