Azərbaycan Respublikası keçən əsrin 60-cı illərindən Heydər Əliyevin rəhbərliyi altında yaşamış və inkişaf etmişdir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial, elm və təhsil sahələrində azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə motivləri hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi.
Daxili və xarici siyasət sahəsində həmin kursun əsas qayəsi bütün dövrlərdə Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və milli-mənəvi inkişafını təmin etməkdir. Bu dövrdə Azərbaycanın uzaqgörən siyasi kursu bütün taleyüklü məqamlarda xalqın gücünü birləşdirmiş və bu gücü dövlətin inkişafına yönəltmişdir. Bu, Heydər Əliyev siyasi kursudur.
XX əsrdən uğurla həyata keçirilən strateji iqtisadi-siyasi inkişaf istiqamətləri növbəti əsr üçün güclü təməl yaratmışdır. XXI əsrdə də Azərbaycan Respublikasının inkişaf konsepsiyasının ana xətti Heydər Əliyevin Azərbaycanı dünya miqyasında tanıdaraq və sosial-iqtisadi potensialını artıraraq Vətənə, xalqa xidmətinin davamıdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustаfа Kаmаl Аtаtürk dеmişdir: «Ən böyük şəхslər özündən çох mənsub оlduğu cəmiyyəti düşünən, оnun vаrlığının və хоşbəхtliyinin qоrunmаsı yоlundа həyаtını vеrən insаnlаrdır». Məhz Heydər Əliyev həyatını xalqına bağışlamış şəxsiyyətdir.
Quruculuq, inkişaf layihələrini həyata keçirməklə gələcəyini ünvanlanan inkişaf proqramını hazırlamaq Heydər Əliyev uzaqgörənliyinin, fenomenliyinin və müdrik siyasətinin əsas məzmununu təşkil edib. Tarixi inkişafın yekunu göstərir ki, XX əsrin sonunda Cənubi Qafqazda yeni bir Azərbaycan dövləti təşəkkül tapmışdır. Azərbaycan Respublikası artıq dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli üzərində inkişaf edir. Əsl vətəndaş cəmiyyəti yaranıb. İqtisadi cəhətdən getdikcə inkişaf edən və möhkəmlənən bir respublikaya çevrilərək dünya inkişafının başlıca meylləri olan mədəni inteqrasiya və qloballaşmaya Azərbaycan Respublikası da öz töhfəsini verir. Bütün bunlar Azərbaycan Respublikasının gələcək inkişafının - XXI əsrdə inkişafının əsas meyllərini müəyyən edir. İftixarla qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyllərini də uzaqgörənliklə göstərmişdir. Onun «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti» və ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla yanaşı, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bütöv konsepsiyasıdır. Heydər Əliyev həmin müraciətində deyirdi: «Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. Müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır. Azərbaycanın 2000-ci ilin başlanğıcındakı uğurları bunu bir daha sübut edir».
Heydər Əliyev xalqımızı və dövlətimizi uzun müddətli perspektiv inkişaf proqramı ilə silahlandırmışdır. Bu gün Azərbaycan dövləti Qafqazın ən nüfuzlu halqası olaraq öz müqəddəratını müəyyən edir. Tarixin ən çətin, ən ümidsiz problemlərindən biri olan Qarabağ məsələsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunub. Zəfər qazandıqdan dərhal sonra Azərbaycan Respublikası revanşizm hərəkətlərini cilovlayıb, sülh yolunda önəmli addımlar atıb. Ümummilli Liderimiz Heydər Əliyevin miras qoyduğu siyasət səmərəli nəticələrlə davam edir.
Qədim tarixi keçmişə malik Azərbaycan xalqı və onun sivilizasiyalar qovşağındakı geosiyasi mövqelərinin möhkəmlənməsi Azərbaycan Respublikasını XXI əsrin ilk onilliklərində özünü tam təsdiq etmiş, regionun lider dövlətinə çevirdi. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu və ən əsası həmrəyliyini bugünədək qoruyub saxlaya bilmişdir.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini