PDF Oxu

Siyasət

  • 2 571

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik təfəkkürü ŞƏRH

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik təfəkkürü ŞƏRH

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik təfəkkürü və zəngin siyasi irsi xalqımızın taleyində həlledici rol oynamışdır. Ulu öndərin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail oldu. İctimai-siyasi sabitlik, sülh və əmin-amanlıq bərqərar oldu, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdirildi. Heydər Əliyev siyasi fəaliyyətində azərbaycançılıq ideyalarının əməli istiqamətini belə şərh edir: “...Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır...”

Müstəqil Azərbaycanın milli sərvətinə çevrilmiş Heydər Əliyev irsi, milli dövlətçilik mədəniyyətinin formalaşdırılması uzaqgörən siyasətçinin xalqın həyatında tarixi xidmətlərinin məntiqi nəticəsidir. Milli dövlətçilik ənənəsinin dövrün, şəraitin tələblərinə uyğun qurulması müstəqil Azərbaycan Respublikasının gələcək taleyini müəyyənləşdirdi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində fərdi idarəçilik siyasəti geniş yer almışdı. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın yenidən qurulması, malik olduğu təbii resurslarından səmərəli istifadə edilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın əldə edilməsi uğurlu neft strategiyasının nəticəsi idi.

Demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, milli maraqlarımıza uyğun olaraq Dağlıq Qarabağ probleminin həlli, ölkə əhalisinin dinc və firavan həyat şəraitində yaşamasını təmin etmək kimi mühüm tarixi vəzifələri özünün ali proqramı müəyyən etmiş Heydər Əliyev 1995-ci ildə Konstitusiyanın qəbul olunmasına nail oldu. Bu Konstitusiya ümumxalq mənafeyinin əsas hüquqi bazası kimi strateji milli maraqlar nəzərə alınmaqla Azərbaycanın gələcəyinə hesablanmış prisipləri özündə əks etdirmişdir. “Mən Azərbaycan Prezidenti kimi bu barədə qəti fikrimi bildirmişəm və bir daha bəyan edirəm ki, demokratiyanın bütün tələblərini tədbiq etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə, mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin qarşısı alınacaqdır və qanun çərçivəsində ölçülər götürüləcəkdir” deyən dahi öndərin demokratiyaya milli maraqlar, milli-mənəvi dəyərlər kontekstində yanaşması ilə ölkəmizdə yeni tarixi mərhələnin əsası qoyuldu.

Ulu öndərin həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyətinin və dövlətçilik siyasətinin ana xəttini milli mənəviyyatın təşəkkül tapması, tarixi soykökə qaydış, azərbaycançılıq ideologiyasının inkişafı təşkil etmişdir. Bununla yanaşı, millətini sevən, xalqının sabahını düşünən müxtəlif səviyyəli insanların dövlətçilik işinə səfərbər edilməsinə, onların bilik və bacarıqlarının vahid ideya ətrafında cəmlənməsinə, məhz Heydər Əliyevin idarəçilik fəaliyyətində geniş yer verilməyə başlanıldı.

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyun 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu an tariximizin yeni dövrü, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hislərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli, məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev ölkənin inkişafıda gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlara, həyata keçirdiyi tədbirlər və respublikanın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu qoruyub saxlamışdır.

Günay Məmmədli

YAP Yasamal rayon təşkilatı “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər