Əhalimizin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Buna görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Xarici təsir altına düşməməlidirlər, Gənclər milli ruhda tərbiyə almalıdırlar.
Cənab Prezident İlham Əliyevə məxsus bu sitat iki il bundan öncə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında səslənmişdi. Seçkilər keçirilmiş, parlamentin yeni formalaşan tərkibinə xeyli sayda gənclər yer almışdır. Cənab Prezident bu kontekstdən çıxış edərək, gəncliyin ölkənin ictimai-siyasi həyatındakı roluna, onların nümunəvi yetişməsinin bəhs etmişdi. Həmin çıxışdan altı ay sonra II Qarabağ müharibəsi başladı və Azərbaycan gəncliyinin milli ruhunun güclü olmasının vacibliyi niyə bu qədər önəmli olub, ümumiyyətlə, ölkədə necə bir gənclik yetişib kimi suallara tam aydınlıq gəlmiş oldu. Çünki böyük sayda gənc çağırış gözləmədən könüllü cəbhə bölgəsində oldu və Vətəni düşmənin işğalından qurtarmaq üçün canını fəda etdi. Şəhid oldu, qazi oldu, bu müharibənin zəfərlə başa çatmasında öz sözünü dedi. Bu gün sübut olunur ki, gənclər siyasətinin düzgün qurulması, onlarla iş aparılması hansısa keçici bir mərhələyə aid deyil, bu, bütün zamanların məsələsidir. Qarabağ münaqişəsinin artıq həllini tapması vətənpərvərlik tərbiyəsinin önəmini azaltmır, əksinə müharibənin nəticələri isbat edir ki, uğura gedən yolun ən vacib şərti milli ruha sahiblikdir və bu, istənilən xalq üçün öz dəyərini hər zaman qoruyub saxlamalıdır. İstər elmdəki yeniliklər, texnologiyadakı sürətli dəyişikliklər, istər dünyadakı hərbi savaşlar göstərir ki, gəncliyin hər sahədə iştirakı aktualdır, üzərində hərtərəfli missiyası var və onların inkişafı, fəaliyyəti, sağlam formalaşması bütün zamanlarda diqqət ayrılması vacib məsələdir.
Cənab Prezident İlham Əliyevin bütün çıxışlarına baxsaq, demək olar ki, hər zaman gənclərlə işləməyin önəminə toxunulur, üstəlik, davamlı şəkildə gənclərlə bağlı atdığı real addımlar, imzaladığı konkret sərəncamlar təsdiqləyir ki, ölkədə gənclər siyasətinin dinamik və ciddi aparılması üçün dövlət səviyyəsində mühüm işlər aparılır.
Cənab Prezident İlham Əliyev hər zaman açıq ifadə etməyə çalışır təhlükənin haradan gələ biləcəyini gənclərə, bunun dəfələrlə şahidi olmuşuq. Adları məşhur, əməlləri qara, təhlükə saçan, dağıdıcı xarakterli missiya yürüdən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altındakı qurumları, həmçinin “Sərhədsiz reportyorlar”ı gənclərə açıq vurğu ilə tanıtmaqda fayda olduğuna şübhə duyulmur. Bunlar çünkü danılmaz gerçəkliklərdir ki, bu cür üzdəniraq təşkilatların digər ölkələrə qarşı çirkin fəaliyyətləri heç zaman bitmir, həmişə davam edən bir siyasət kimi qalır. Ona görədə gənclərlə davamlı işləmək, onların gözünü açmaq, onları maarifləndirmək vacibdir.
Dövlətin gənclərə dəstəyi və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artır , bunun gözəl nəticələri var və bu nəticələrdən gəncləri yetişdirən ailələr də qazanır, gənclərin özləri də, bütövlükdə dövlətimizdə.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri