Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə olduqca uğurlu islahatlar həyata keçirilir. Bu islahatlar bir başa Azərbaycanın gələcək inkişafına xidmət edir. Əlbəttə ki, üç il bundan öncə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissələrindəndir. Təbii olaraq islahatların dərinləşməsi, parlamentdən yan keçə bilməzdi. Dövlətimizin başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, eyni zamanda, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi.
10 mart 2020-ci il tarixdə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında prezident İlham Əliyev çıxış edərək mühüm məqamlara toxunmuş, olduqca əhəmiyyətli məsələlərdən söhbət açmışdır.
Dövlət başçımız çıxışında bildirmişdir ki, fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Seçki prosesinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev qeyd etmişdi ki, bu seçkilərdə 1300-dən çox namizədin iştirak etməsi bu seçkilərə də çox böyük maraq olduğunu sübut edir. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrıseçkiliyə yol verilməmişdir.
Ölkəmizin rəhbəri, eyni zamanda, seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edildiyini və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirdiyini bildirmişdir.
Ölkədə həyata keçirilən gənclər siyasətinə də toxunan Prezident cənab İlham Əliyev ölkə əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu qeyd edərək bildirdi ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır.
Dövlətimzin başçısı çıxışı əsnasında, həmçinin, vacib məqamlardan sayılan sosial mövzuya da toxunmuşdu. Azərbaycan sosial dövlətdir deyən Prezident İlham Əliyev minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq.
Çıxışı zamanı Xocalı soyqırımına da toxunan cənab İlham Əliyev qeyd etmişdi ki, artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar.
İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır deyən dövlətimizin başçısı bildirmişdi ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Cənab Prezident əmin olduğunu bildirmişdi ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.
Prezident İlham Əliyev çıxışında deputatlara tövsiyə etmişdi ki, seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Bununla da cənab İlham Əliyev bir daha nümayiş etdirmişdi ki, onun üçün xaqın maraqları hər şeydən üstündür, xalqın problemlərinin həll edilməsi prioritet məsələdir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri