“Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik.” XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlətquruculuğu prosesini öyrənir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ümummilli lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına nail olmuş dahi şəxsiyyətdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Zamanının ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin deyərdi Ümummilli Lider Heydər Əliyev. Ona görə də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Ümummilli Liderin tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil dövlətimiz var. Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxşaxəli fəaliyyəti və dövlətçilik təfəkkürü elə bir sərvətdir ki, xalqımız bu irsdən daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyələri, sözün əsl mənasında, bir məktəbdir.
Ulu Öndər həm də müstəqilliyimizi dönməz etməyi hər birimizin müqəddəs vəzifəsi olduğunu deyirdi. Müstəqillik elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da daha böyük vəzifədir. Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik. Bu gün Ümummilli Lider Heydər Əliyev ideyaları Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri