Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur
Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilən platforma - Qlobal Bakı Forumu
Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Belə ki, martın 9-da keçirilən X Qlobal Bakı Forumu "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib. Rusiya-Ukrayna müharibəsi, pandemiyalar, iqlim dəyişiklikləri, texnoloji inkişaf bütün dünya üçün yeni təhdidlər yaradıb. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda, beynəlxalq arenada gərginliyin artdığı vaxtda məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə bu cür geniş tərkibdə və formatda, hər hansı ideoloji çalardan uzaq formatda dünyanı narahat edən məsələlər müzakirə olunub.
Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində üç böyük toplantı təşkil olundu. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında Forumun istiqamətlərinə də bir daha aydınlıq gətirdi. Münaqişələr məsələsi, post pandemiya dövründə inkişaf məsələləri və digər mühüm məsələlər forumun əsas müzakirə predmetlərini təşkil edir. Bu baxımdan qeyd edilməlidir ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır.Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırıb. Həmçinin Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim edib. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcəkdir.
FORUMUN MƏQSƏDLƏRİ AZƏRBAYCAN PREZİDENTİNİN TƏDBİRİN AÇILIŞ MƏRASİMİNDƏKİ ÇIXIŞINDA DA İFADƏ OLUNUB
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi bir daha ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Mövzudan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəldilib. Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bu forumun məqsədləri Azərbaycan Prezidentinin tədbirin açılış mərasimindəki çıxışında da ifadə olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı bildirib ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur və Forumunda müzakirələr həmişəki kimi çox məhsuldar olacaq. Və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə verəcəklər: «Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır”.
AZƏRBAYCAN REGİONDA VƏ DÜNYADA DAVAMLI SÜLHÜN VƏ QARŞILIQLI ƏMƏKDAŞLIĞIN TƏRƏFDARIDIR
Bu gün Azərbaycan regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq duruş gətirməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru düzgün siyasətin və balanslı münasibətlərin nəticəsidir.Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirib ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq: «Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir”. Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır.Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu Forumda da bildirdi ki, Ermənistan görünür dinc yolla yaşamaq istəmir: «Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir".Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, onları Qarabağdan sürgün saldığını və bir milyon azərbaycanlıya əzab-əziyyət verdiyni Forum iştirakçılarının diqqətinə çatdırmaqla dünyaya bir daha mesajını verdi: “Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi”.
ERMƏNİSTAN ÖZ GƏLƏCƏYİNİ QURMAQ ŞANSINI ƏLDƏN BURAXIB
“İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər”.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.“Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.
AZƏRBAYCAN PREZİDENTİNİN ATƏT-İN MİNSK QRUPUNU YENİDƏN AKTUALLAŞDIRMAQ İSTƏYƏNLƏRƏ SƏRT XƏBƏRDARLIĞI
Azərbaycan Prezidenti həm də ATƏT-in Minsk qrupunu yenidən aktuallaşdırmaq istəyənlərə də sərt xəbərdarlıq etdi. Vurğuladı ki, münaqişə artıq həll olunub. Minsk qrupu ətrafında spekulyasiyalar Azərbaycanda qıcıq doğurur. Həqiqətən də, əsasən Ermənistan və onu dəstəkləyən bəzi subyektlər Minsk qrupu ətrafında müzakirələr açmaqla əslində sülh prosesini əngəlləməyə çalışırlar. Azərbaycan Prezidenti isə, artıq Minsk qrupunun fəaliyyətinə gərək qalmadığını açıq mətnlə səsləndirmiş oldu. Ölkə Prezidentinin Ermənistana etdiyi çağırışlar da təbii ki, həm Ermənistanı, həm də ona dəstək olmaq istəyənləri ciddi düşündürəcək: "1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi".
MƏNİM MESAJIM DÖYÜŞ MEYDANINDA QİSASI ALMAQLA HƏYATA KEÇDİ
Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərin məzmunlu çıxışında onu da vurğuladı ki, Ermənistanla sülh yolu ilə problemin həçllinə çalışdıq, lakin işğalçı dövlət konstruktiv yanaşma göstərmədi: «Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi".
Dövlət başçımızın söylədiyi kimi, çünki biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik: «Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən Hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur".
Qeyd edək ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından biridir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcəklər.
Bir sözlə, Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.
RƏFİQƏ KAMALQIZI