PDF Oxu

Siyasət

  • 3 802

10 mart tarixi çıxış yeni inkişaf strategiyasına bir təkan oldu - ŞƏRH

10 mart tarixi çıxış yeni inkişaf strategiyasına bir təkan oldu - ŞƏRH

10 mart 2020-ci il VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin çıxışından 3 il vaxt keçir. Tarixi çıxışında ölkə başçısı çox aydın mesajlar verdi, yeni inkişaf strategiyasının konturlarını açıqladı. İlk öncə onu qeyd edim ki, 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi Azərbaycanda aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Əminliklə deyə bilərik ki, bu gün VI çağırış Milli Məclis daha dinamik şəkildə fəaliyyət göstərir.

Postmüharibə dönəmində Milli Məclis deputatları Ermənistanın törətdiyi təxribatlar, mülki əhalimizi hücuma məruz qoyması, həqiqətlərimizin dünyaya çatdırılması ilə əlaqədar intensiv iş aparırlar. Heç şübhəsiz ki, müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanı özündə tam əks etdirir. Xüsusi ilə də, parlament rəhbərliyinin iqtidarla yanaşı, müxalifət və bitərəf millət vəkillərindən formalaşması siyasi plüralizmin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərənin yaranması ilə nəticələndi. İkinci Qarabağ müharibəsi zamanı siyasi partiyaların birgə bəyanatı və Ali Baş Komandanın ətrafındakı sıx birliyi siyasi dialoqun Azərbaycan modelinin nə qədər uğurlu olmasının əyani göstəricisidir. Yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai faydalı olmağımızla şərtləndirilir.

Artıq qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında müstəqil şəkildə öz daxili, xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir ölkələrdəndir. Eləcə də, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Ölkədə çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Azərbaycanda aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Həmçinin, kadr islahatları aparılır.

Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Ona görə də, parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Hamıya məlumdur ki, ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Ona görə ki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur və yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Biz xalqımızın seçdiyi deputatlar olaraq onların təxribatçı niyyətlərini ifşa etməliyik. Həmçinin onu da görürük ki, Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Lakin bizim ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Hətta icazəsiz keçirilən aksiyalar dağıdılarkən polis yumuşaq gücdən istifadə edir. Qazandığımız ən böyük uğurlardan biri siyasi sabitlikdir. Və bu siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Azərbaycanda aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər