PDF Oxu

Siyasət

  • 3 666

Azərbaycan müstəqil siyasət aparan müasir, dünyəvi dövlətdir - ŞƏRH

Azərbaycan müstəqil siyasət aparan müasir, dünyəvi dövlətdir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10.03.2020-ci il tarixdə Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin ilk iclasında geniş məzmunlu tarixi çıxış etmişdir. 2020-ci ilin fevral ayının 9-da keçirilmiş parlament seçkiləri növbədənkənar seçkilər olduğuna görə xüsusi əhəmiyyət kəsb edirdi. Buna səbəb aparılacaq islahatların dərinləşdirilməsi üçün yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı olan Milli Məclisin fəaliyyətinin təkmilləşməsindən, VI çağırış Milli Məclisin çoxpartiyalı parlament olmasından, Milli Məclisdə müxalifət nümayəndələrinin təmsilçiliyindən, Avropa İttifaqının Azərbaycan Parlamenti ilə əməkdaşlıq etməyə hazır olmasından söhbət açan Prezident çıxışı zamanı həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında kadr islahatlarının aparılacağını, kadr sahəsində təmizlənmə işlərinin aparılacağını, yeni tərkibdə formalaşmış Milli Məclisin islahatlara yeni təkan verəcəyini vurğulamış və bildirmişdir ki, əgər kimsə dövlət işində işləmək istəyirsə onun niyyəti də, əməlləri də təmiz olmalıdır.

Mövcud qanunların təkmilləşdirilməsi, qəbul edilmiş qanunların, verilmiş sərəncamların icra vəziyyəti parlament tərəfindən təftiş edilməli, qanun pozuntularına yol verilmə halları aşkarlandığı təqdirdə ciddi cəza tədbirləri görülməlidir.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Cənab Prezidentin tövsiyyəsinə əsasən Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində ayrı-ayrı partiyaların nümayəndələrinin təmsil olunması müsbət haldır, bu günə qədər belə hal olmamışdır.

Sosial siyasət və gənclər siyasətindən danışan Prezident İlham Əliyev qiymətli fikirlər söyləyib: “Qanunvericilikdə minimum əmək haqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması diqqət mərkəzində olmalıdır. Ölkə əhalisinin mütləq əksəriyyətinin gənclər olduğu ölkədə gənclərin fəallığı, milli ruhda böyüməsi, xarici təsirlərə düşməməsi, vətənpərvərlik ruhda tərbiyə alması üçün qanunverici orqan mühüm addımlar atmalıdır”.

Ölkəmizdə içtimai-siyasi sabitliyə təhlükə törədə biləcək amilləri yaratmağa çalışan anti-Azərbaycan qüvvələr – beşinci kolondan söhbət açan Prezident İlham Əliyev bu kolonun nümayəndələrini xəyanətkar, onların tutduğu yolu isə xəyanət yolu adlandırıb. Müxtəlif təzyiqlərə məruz qalmasına baxmayaraq öz yolundan dönməyən, müstəqil siyasət aparan Azərbaycan dövləti üçün xalqın rifahının, əmin-amanlığının, təhlükəsizliyinin, sabitliyin hər şeydən üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, beynəlxalq fəaliyyətimizin səmərəlililiyini artırmalıyıq, Azərbaycana qarşı qərəzli yanaşmanı ifşa etməliyik. O, üzv olduğumuz beynəlxalq təşkilatlarda təmsil olunan deputatlara tövsiyyə edib ki, Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanın mövqeyinin bildirilməsində, Xocalı soyqırımının tanınması prosesində daha da fəal olsunlar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda haqq-ədalət səsimizi qaldırsınlar, beynəlxalq təşkilatlar çərçivəsində məqsədyönlü fəaliyyət aparsınlar.

Prezident bildirib ki, iqtisadi sahədə görülən işlərlə bağlı parlament üzvləri hökumət üzvləri sıx təmasda olmalıdırlar, gördükləri işlərlə bağlı məruzələr etməlidirlər. Məsuliyyət və nəzarət mexanizminin olması ümumi işimizə müsbət təsir edəcək. Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbənin yaradılması onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk.

İqtisadi sahədə aparılan islahatlardan danışan dövlət başçısı prioritet olan sosial sahə, dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı parlamentin fəaliyyətini, radikalizmə qarşı geniş mübarizənin aparılmasında parlamentin rolunu xüsusi vurğulayıb, Azərbaycanın müasir, dünyəvi dövlət kimi gücləndirilməsinin əhəmiyyətindən danışıb. Dövlətin siyasətinin üstünlüyünü göstərmək üçün təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar kimi arqumentlərimiz var deyən prezident İlham Əliyev Parlamentin bu məsələlərlə ciddi məşğul olacağına əminliyini bildirib.

Son 16 ilin uğurlarından söhbət açan Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır, beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmlənib, 120 ölkənin dəstəyi ilə üzv olduqdan 7 il sonra Qoşulmama Hərəkatına sədrlik edirik, Türk Şurasına sədr olmuşuq, türkdilli dövlətlərlə əməkdaşlıqda Azərbaycan önəmli rol oynayır. Azərbaycan 3 peyki olan kosmik dövlətə çevrilib. Azərbaycanın enerji siyasətinin uğurları və açıq dənizə çıxışı olmayan ölkənin nəqliyyat mərkəzinə çevrilməsi faktı Azərbaycanın danılmaz uğurudur.

“Biz bu gün müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik və Azərbaycan Parlamenti bu işdə fəal olacaq” sözləri Azərbaycan Respublikasının Prezidenti çıxışını tamamlayıb.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər